"1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi uşağın ruhi xəstə olmadığını dedi. Buna görə də həmin həkim işdən çıxarıldı. Görünür, 3 saylı uşaq evinin rəhbəri daha güclüdür".
Bunu "Sherg.az"a hüquq müdafiəçisi Novella Cəfəroğlu Məhəmmədin psixiatriya xəstəxanasından çıxarılması barədə danışarkən deyib. Onun sözlərinə görə, məlum hadisə doğrudan da, müəmmalıdır:
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşağın hüquqlarının müdafiəsi məsələləri ilə məşğul olmalıdır. Adıçəkilən qurum araşdırmalıdır ki, nəyə görə Məhəmmədin ruhi xəstə olmadığını deyən baş həkim işdən çıxarıldı, amma həmin uşaq evinin rəhbəri işində qaldı?! Hüquq müdafiəçiləri də mövcud problemlə maraqlanırlar. Bu istiqamətdə biz də çalışacağıq".
Qeyd edək ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev qardaşını həmin xəstəxanadan çıxarıb. Bu barədə "Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.