Psixoloqdan SOS: “Yeniyetmələrə 2-3 qat nəzarət olunmalıdır”

Salyan rayonunda 8-ci sinif şagirdi Niyaməddin Cavadzədənin intiharı sosial şəbəkələrdə müzakirə yaradıb. Cana qəsd hallarının yaşının bu qədər azalması təşvişlə qarşılanıb. 

Məsələylə bağlı “Sherg.az”a danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, bu hadisənin regionda baş verməsi təəssüf doğurur:

“Çünki orada uşaqların asudə saatlarını dəyərləndirmək üçün hansısa bir işə cəlb olunması daha realdır. Deməli, vəziyyət belə deyilmiş. İntihar hər dönəmdə  müşahidə olunan prosedir.  Bu, haradasa insanın razılaşmadığı mövzuya etiraz etmək şəkildir. Din cəhətdən bunu belə izah edirlər ki, intihar geri dönüşü olmayan yeganə günahlardandır. 

Biz də bilirik ki, intiharın heç bir geri dönüşü olmayan bir yanlışdır. Öz həyatının gedişatını dəyişirsən, səni həmin an sıxan problemlərdən qurtulmursan, sadəcə məkan dəyişirsən. İntiharların qarşısını almaq üçün məktəb yaşlarından uşaqlarda yüksək iradə formalaşdırmalıyıq

Hansı ki, onlar həyatda hər cür situasiya ilə qarşılaşa biləcəklərini və maksimum sona qədər səy göstərmələri lazım olduğunu anlamalıdırlar. Uşaqların sosial inkişafı üçün şəraitin olmaması, onların yaşlarına uyğun fəaliyyətlərlə məşğul olmaması bu cür hallara gətirib çıxara bilir. 

Ailədaxili münaqişələrin uşaqlara təsirinin nəticəsi də sayıla bilər. Təəssüf doğuran odur ki, müəyyən yaşa gəlmiş uşaq hansısa bir problemə görə bu addımı atır. Övladlarımız bizdən o qədər uzaqdır, daxili narahatlıqlarını bölüşə, dərdləşə bilmirlər. İstər regionlarda, istərsə də mərkəzdə ailələrin həm maddi, durumu, həm də dünya görüşü icazə vermir ki, uşaqları mütəmadi psixoloqa gətirsinlər. Valideynlər bu məqamda özlərini sorğu-sual etməlidirlər ki, uşaqlar onlarla danışsın, məsləhətləşsin. Bu intiharın səbəbi bəlli olmasa da, yeniyetməlik dövründə 2-3 qat nəzarət olmalıdır. 

Bu dövrdə pedaqoji-psixoloji nəzarət lazımdır, böyüklərin gəncləri anlayacaq tərzdə yaxınlaşması mütləqdir. Nəzər almalıyıq  ki, bu bir dövrdür, gənclərin onları kimsənin anlamadığını düşünməsi həqiqəti əks etdirməyə bilər. Biz onları anlamalı, başa düşdüyümüzü deməliyik. Əlavə məsuliyyətlərlə yükləməməliyik. Onlara imtahanlar, duyğusal məsələlər onları psixoloji gərginliyə apara bilər. İntihar üçün vahid  səbəbin olması mütləq deyil. Ola biləcək bütün səbəblərin toplanması da bu yola gətirib çıxara bilər. İnsan intiharla bağlı nələrisə dilə gətirirsə, bunu mütləq nəzərə almaq lazımdır. Onunla intiharla bağlı mövzuda söhbət aparılmalıdır. Bir az diqqətli olaq”.