"Məsələyə sırf hüquqi kontekstdən yanaşdıqda, müəyyənləşdirmək lazımdır ki, həmin gənc tələbə sürücülük hüququna malikdirmi?! Onun sürücülük hüququnu təsbit edən sənədi var idimi?!"
Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Bakıda yolun əks istiqamətində maşın sürən tələbədən danışarkən deyib. O diqqətə çatdırıb ki, həmin tələbə məsuliyyətə cəlb olunub:
"Burada bir neçə vacib faktor rol oynayır. İlk növbədə, şəxsin nəyin təsiri altında bu anormal hərəkətə yol verdiyi aydınlaşdırılmalıdır. Yayılan videodan da məlum olur ki, sıxlıq şəraitində sürücünün avtomobili axının əksinə sürməsi həmin insanın psixoloji durumunda ciddi narahatlığın olmasından xəbər verir.
"Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı da paylaşım edib ki, həmin uşaq universitetə 650 balla qəbul olunub, çox savadlı bir gəncdir. Təəssüf ki, narkotikin təsiri altında həmin tələbənin psixikasında ciddi pozuntular müəyyənləşdirilib. Çox məyusedici bir haldır. Doğrudan da, sağlamlıq durumunda problem var idisə, valideyni onun nəqliyyat vasitəsini idarə etməsinə imkan verməli deyildi. Yəni məsələyə təkcə hüquqi yox, psixoloji aspektdən də yanaşmaq lazımdır".
Ekspertin qənaətincə, artıq o, sürücülük hüququndan məhrum ediləcək:
"Yaxşı bir müalicə almağı arzuolunandır. Narkotik vasitələrdən istifadə varsa, uzaqlaşmalıdır. Cəmiyyətə yararlı və faydalı bir fərdə çevrilməlidir. Hüquq-mühafizə orqanları da qanun çərçivəsində lazımi tədbirləri görəcəklər".
Qeyd edək ki, Bakıda yolun əks istiqamətində maşın sürən 20 yaşlı tələbə saxlanılıb. Bu barədə DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.