Atası qətl edilən modelyer sirləri açır? – “Ətraflı açıqlama verəcəm” – Kimdir müqəssir? 

İş xanımı, modelyer Elnarə Bəkirova qətlə yetirilən atası Kamran Bəkirovla bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, atasının fotosunu və onunla söz yazışmalarını paylaşan Elnarə bu sözləri yazıb:
“Mənim dayağım atam, sənsiz keçən hər dəqiqəm mənə ölümdür. Sənə bunu edənlərin əlləri qurusun, qanun qarşısında ən ağır cəzanı almaları üçün əlimdən gələni edəcəyəm.Sənin qanın yerdə qalmayacaq, söz verirəm, ata. Canilər qanun qarşısında cavab verəcəklər. Mənim ümidim sən bizdən gedən gündən yox oldu. Mənim dünyam, cənnətdə görüşəcəyik. Sənsiz darıxıram”.

Elnarə daha sonra bu çətin günlərdə yanında olan dostlarına təşəkkür edib:

“Əziz dostlar, son günlər həyatımın ən faciəvi dönəmini yaşayıram. Bu çətin müddətdə yanımda olan dostlara, yaxınlara, media nümayəndələrinə təşəkkür edirəm.

Xüsusi təşəkkürüm isə atamı amansızcasına qətlə yetirən canilərin tapılmasında göstərdiyi diqqətə görə Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradovadır.

Polis əməkdaşlarının operativliyi və təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qatillər tez bir zamanda tapılıb ədalətə təslim edildi. İnanıram ki, ədalətli istintaq aparılacaq və həmin canilər öz layiqli cəzasını alacaq.

Hələ ki, istintaqın gedişinə mane olmamaq üçün susqunluğumu qoruyuram. Vaxtı gələndə hadisə ilə bağlı ətraflı açıqlama verəcəm”.

Qeyd edək ki, aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.