"Son 3 ildə məktəblərə nəzarət, təlim-tədris prosesi, şagirdlərlə davranış qaydaları çox ciddi şəkildə arxa plana atılıb".
Bunu "Sherg.az"a təhsil eksperti Kamran Əsədov sosial şəbəkələrdə şagirdlərin oyun kartları ilə qumar oynaması barədə videogörüntülərin yayılmasından danışarkən deyib. Onun sözlərinə görə, məktəblərə nəzarət edilmir:
"Hər gün şagirdlərin iştirakı ilə məktəblərdə xoşagəlməz hadisələri müşahidə edirik. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyi, Regional Təhsil İdarələri orta təhsil müəssisələrinə ciddi nəzarət edə bilmirlər.
Şagirdlərin özünü məktəbdə qumar oynayacaq qədər sərbəst, rahat hiss etməyi dəhşətlidir. Ümumiyyətlə, nəinki təhsil ocağı, heç müəssisəyə yaxın məsafədə belə mərc oyunlarına icazə verilməli deyil.
Çox təəssüf ki, müəssisə rəhbəri, regional təhsil idarələri məktəblərdə monitorinqlər aparmırlar. Bu gün sözügedən qurumların başı orta təhsil müəssisələrindən maddi qazanc mənbəyi kimi istifadə etməyə qarışıb. Onların fəaliyyətini görə bilmirik.
Bu, çox təəssüfləndirici haldır. Nizam-intizam qaydalarına əsasən, bu şagirdlərə ciddi şəkildə töhmət verilməlidir. Həmin məktəbin direktoru, regional təhsil idarəsinin rəhbəri, elm və təhsil nazirliyindən həmin bölgə üzrə kuratorlar vəzifəsindən azad edilməlidir.
Hazırda orta təhsil müəssisələrindəki mövcud özbaşınalıqlar ciddi nəzarətin olmaması, şəxslərin vəzifəsini düzgün yerinə yetirməməsi ilə sıx bağlıdır. Məktəblər öz öhdəliklərini birmənalı şəkildə icra etmirlər. Bu gün orta təhsil müəssisələri kriminal məkana çevrilib".
Qeyd edək ki, sosial şəbəkələrdə Mingəçevir şəhəri Təbiət, riyaziyyat, humanitar təmayüllü liseydə şagirdlərin oyun kartları ilə qumar oynaması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə yuxarı sinif şagirdlərinin dərs saatlarında sinif otağında qumar oynadıqları əks olunub. Liseyin direktoru Aidə İsmayılova hadisənin liseydə baş verdiyini təsdiqləyib.