Saxta MİT-çilər professoru aldatdılar


1979 ədəd “cümhuriyyət altın”ı və 400 min avro yoxa çıxdı

Türkiyənin Bursa bölgəsində bir professorun bankdakı 1979 ədəd “cümhuriyyət altın”ı və 400 min avro pulu saxtakarların əlinə keçib. “Milliyet.com.tr” xəbər verir ki, özünü Milli istihbarat əməkdaşı kimi təqdim edən bir nəfər 77 yaşlı professora zəng edərək “banklardakı saxtakarları yaxalaya bilməmiz üçün bizə yardımınız lazımdır” deyib. Professor da bunu vətəndaşlıq vəzifəsi hesab edərək  “əlbəttə, sizə yardım etməyə hazıram”, söyləyib.  Saxta MİT-çi “o zaman banklarda saxladığınız mal və pullar haqqında bizə məlumat verin”, deyib. Ertəsi gün bankdakı pullarını çıxaran professor “mit”çinin dediyi yerə gəlib və çantada gətirdiyi pulları şəxsə təslim edib. Pulları alan adam “bu barədə kimsəyə danışma. Əməliyyat davam edir” deyərək yenə professoru aldadıb. Sonralar da onunla bir neçə dəfə əlaqə saxlayaraq “sənin verdiyin qızıllar yoxlanır. Əməliyyat sona çatmaq üzrədir. Votsap nömrəni açıq saxla. Danışıqlarını qeydə alacağıq”, təlimatı veriblər. Bu vəziyyət bir müddət davam edib. Bir gün professorun evinə qonaq gələn qardaşı baş verənlərdən şübhələnib və polisə xəbər verib. Polislər mənzilə gəlib sorğu-sual etdikdə, nəhayət, kişi aldadıldığını anlayıb. Polis əməliyyat keçirib, ərazidəki, parkdakı müşahidə kameralarına baxılıb və aralarında bir qadının da olduğu şübhəli bilinən 6 nəfəri yaxalayıb. Professorun “cümhuriyyət altın”ları isə tapılmayıb.