İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizini təşkil edir.
APA xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov deyib.
H.Məmmədov bildirib ki, prokurorluq orqanlarında 50 vakant ştat vahidi üzrə Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə bu gün keçirilən növbəti 26-cı müsabiqə üzrə test imtahanında prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir.
H.Məmmədov əlavə edib ki, Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilir: "2002-ci ildən etibarən artıq 25 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1203 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 89,1 faizini təşkil edir. Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 169 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir və onlardan bir neçəsi xüsusi ali rütbə alıb”.