Neandertallar dövründən bəri görünməyən kometa Yerə yaxınlaşır: Adi gözlə müşahidə ediləcək

Yaxın bir neçə gündə Yer sakinləri unikal astronomik hadisənin şahidi olacaqlar. Gecə səmasında son dəfə təxminən 80 000 il əvvəl, neandertallar dövründə planetimizə yaxınlaşan nadir "C/2023 A3 Tsuchinshan-ATLAS" kometasını müşahidə etmək mümkün olacaq.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə NASA-dan xəbər verilib.

Bildirilir ki, səma cismi artıq bu şənbə günü planetimizə maksimum yaxınlaşacaq - təxminən 71 milyon kilometr məsafədə olacaq.

Mütəxəssislərin sözlərinə görə, "C/2023 A3 Tsuchinshan-ATLAS" kometasını günəş batdıqdan dərhal sonra gecə səmasının qərb hissəsində adi gözlə müşahidə etmək mümkün olacaq.

"Kometa səmada meteor kimi uçmayacaq. O, sadəcə orada asılı qalacaq və gecədən gecəyə yavaş-yavaş mövqeyini dəyişəcək", - deyə NASA-nın nümayəndəsi Bill Kuk izah edib.