Qadınlar özünümüdafiə taktikasını seçir -AÇIQLAMA

İndi qızların çoxu idmanla məşğul olur, məşq zallarına gedir, özünümüdafiə təlimlərinə də gedənlər var

  Hər nə qədər gender bərabərliyinin təmin edilməsinə, qadın hüquqlarının qorunmasına çalışılsa da, qadınlara qarşı zorakılıq halları azalmır. Hər zaman da çeşidli səbəblər göstərilir. Adət-ənənə, köhnəfikirlilik, təhsilsizlik, erkən nikah, iqtisadi asılılıq, hüquqlardan bixəbərlik, özünü müdafiə bacarığının formalaşmaması və sair…  Zorakılığın təkcə qadınlara qarşı olmadığını, ümumən cəmiyyətdə son illərdə aqressiyanın artdığını qeyd edənlər də var. Məktəblilər arasında baş verən münaqişələri, şagirdlərin bir-birinə kəsici-deşici alətlərlə xəsarət yetirdiyini, hətta müəllimlərə qarşı da zorakılıq tətbiq etdiklərini yada salsaq, deyilənlərlə razılaşmamaq çətindir. Bir qisim insanlar cəmiyyətdə formalaşmış aqressiyanın səbəblərindən biri kimi tv-lərdə yayımlanan dizilərdə görür. Məlum məsələdir, qardaş Türkiyə televiziyalarında yayımlanan dizilər – “Qurdlar vadisi”ndən üzü bəri (2000-ci illərin əvvəlindən) əksər tv-serialların ana xəttini “yeraltı dünya”, mafiya, “oğru aləmi”, silah qaçaqmalçılığı, törə cinayətləri, qətllər, qan davaları, “aşiret (tayfa) ənənələri”, “çəhrayı” yaşam, varlıların lüks həyatı, xəyanət, bir-birini aldadan həyat yoldaşlarının riyakar həyat tərzi təşkil edir.  Azərbaycan cəmiyyətinin bunlardan təsirlənməyəcəyi mümkün deyil. Nəzərə alsaq ki, hazırda bütün ölkə əhalisi Türkiyə dizilərindən gözünü ayırmır, efirdə göstərilənlərin insanların real həyatına təsirsiz ötüşməyəcəyi bir aksiomadır. İnsan nəyi daha çox görürsə, ona meyillənir. Bunun yaxşı və ya pis olduğunun fərqinə varmadan.  Son zamanlar  bizim yerli dizi “sənayemizin” də böyük ölçüdə bunlardan təsirləndiyi aşkardır. Belə şəraitdə aqressiya və zorakılığın artmayacağını gözləmək absurd olar. 
  Amma müsbət olan budur ki, qadınlar özünümüdafiə taktikasını seçir. Məsələn, Türkiyədə 19 yaşlı iki qızın vəhşicəsinə qətlə yetirilməsi olayı qorxu psixologiyasını üst səviyyədə oyandırıb və qadınlar özünümüdafiəyə keçib. Bu vəziyyət  “özünümüdafiə” üçün istifadə edilə bilən məhsulların yüksək dərəcədə satışında əks olunur. Xüsusilə “bibər qazı” və “elektroşok” aləti satıcıları tələbin iki qatdan çox artdığını bildirirlər. Digər tərəfdən, qadınlar arasında müdafiə idmanına maraq da sürətlə artmağa başlayıb. Bəzi idman zallarında qadınlar üçün pulsuz özünümüdafiə dərsləri tətbiq olunur. Türkiyə mediası yazır ki, qadınlara qarşı zorakılıq və qətllər kəskin reaksiyalara səbəb olub, həm də cəmiyyətdə qorxu effekti yaradır. Qadınlar özlərini qorumaq üçün internet saytları vasitəsilə “bibər qazı” və “elektroşok” cihazları sifariş edirlər. Bazarda “bibər qazı” satışı artıb. “Bibər qazı” markası “Jenix”in səlahiyyətli dileri Erkan Keskin satışların həftə sonu pik həddə çatdığını bildirib. E.Keskin, “daha əvvəl belə bir tələb görməmişdik. Sifarişlər həmişəkindən 50 dəfə çox gəlir. Heç vaxt fərdi qaydada  belə tələb olmayıb. Tələbat səbəbindən “anbarda bitdi” xəbərdarlığı yazmalı olduq. İstehsalçı şirkətin də ehtiyatları tükənib və yenidən istehsala buraxılır. Bir gün əvvəl 500 ədəd bir səhm açdıq və iki saat ərzində satıldı”. Türkiyənin rəsmi mənbələri də “tələb ikiqat artıb. Alıcıların 60-70 faizi qadınlardır, kişilər isə arvad-uşaqları üçün alırlar. Ehtiyatlarımız azaldı və istehsalı sürətləndirdik”, məlumatı verilib. Özünümüdafiə sənəti müəllimi Buğra Ünalmış isə bildirib ki, ayda 2 min 500-3 min 500 lirə qarşılığında qrup dərsləri keçirlər: “Təlim üçün konkret bir müddət yoxdur, amma 3-6 aylıq bir müddətdə ən azı çaxnaşma vəziyyətində özünü necə müdafiə etməyi öyrənirlər. Özünümüdafiə mövzusunda fərdi dərslər verən Şevki Martin Ving Tsun isə deyib ki, qadınlar daha çox bu dərslərə önəm verir. Bəzi özəl və dövlət salonlarında bu mövzuda qadınlara pulsuz təlimlər keçirilir. Bələdiyyələr və birliklər tərəfindən qadınlara pulsuz qrup təlimi keçirildiyi bildirilsə də, kvota məhduddur. Müdafiə üzrə təlimatçı Enis Mazhar Tayman, “Qadınlar məsafəni saxlayaraq, nə etdiklərini çox yaxşı bilən və düzgün planlaşdırmaqla özlərini müdafiə edə bilərlər. Amma əvvəlcə inanmalı, bacara biləcəyini bilməli, sonra tətbiq etməlidir”. Məsələn, İstanbulda bələdiyyələrlə əməkdaşlıq çərçivəsində “qadınlar üçün vəkillik” seminarları təşkil edilir, qadınlara “təhlükəsiz həyat” dərsi verilir.  

  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, indi qızların çoxu idmanla məşğul olur, məşq zallarına gedir. Özünümüdafiə təlimlərinə də gedənlər var: 


- İdman zallarına gedənlər arasında sadəcə bədənini idman hərəkətləri, fiziki hərəkətlərlə qaydaya salmağa çalışanlar da var, amma sırf idmanla məşğul olanlara da rast gəlinir. Lakin məhz zorakılığa məruz qalmaq qorxusundan özünümüdafiə təlimlərinə gedənlər elə də çox deyil. Çünki şükürlər olsun ki, Azərbaycanda küçədə qızlara, qadınlara qarşı zorakılıq hərəkətləri, məqsədli hücumlar baş vermir. Bu haqda məlumatlar yoxdur. Çox yaxşı haldır ki, polis belə məsələlərdə operativdir. Hətta küçədə zorakılığa məruz qalmış qadınlarla bağlı faktlar onu göstərir ki, bu, onların ailə üzvləri - əri, qardaşı, keçmiş əri, atası, dayısı və s. tərəfindən törədilir. Bu cür tendensiya hələ özünü bizdə göstərmir, məhz polisin sayəsində. Azərbaycan cəmiyyətində qadına qarşı zorakılıq əsasən evdə, ailə daxilində baş verir. Bu qadınların idmana gedib, məşq edib özünümüdafiə kurslarında təlim alması mümkün görünmür. Sərbəst hərəkət edən, özünəgüvənli qadınlarımız var, əlbəttə. Belə qadınlar məşqlərə gedib özünümüdafiənin müxtəlif üsullarını öyrənə bilər. Gənc qızlarımızın idmana marağı son illərdə artır, bu da əksər filmlərdə qızlarla bağlı süjetlərdən ilham alanlardır. Qadınların müdafiə qabiliyyətinin formalaşması, bütün hallarda müsbətdir.   

  M.Zeynalova qeyd etdi ki, dizi sənayesinin məqsədi maddi gəlir əldə etməkdir. Ssenarini bilərəkdən həyəcanlı, stresli tərtib edirlər ki, baxış sayı çox olsun: 
- Qorxu filmlərinin tarixi çox əvvəllərə - ötən əsrə gedib çıxır. Bu sahənin peşəkarı deyiləm, əlbəttə, amma yadımızdadır, Amerika filmlərinin ekranlara ayaq açması prosesi. Bunlar hamısı düşünülmüş siyasətin bir parçasıdır. İnsanları əyləndirməklə problemləri arxa plana keçirmək. Bəlkə də, kimlərsə burada insanlara problemlərini unutdurmaq kimi xoş məram güdüb. Amma nəticə gözlənildiyindən mənfi olub. İnsanlar arasında zorakılıq meyilləri artıb. Filmlərin tərbiyələndirici, maarifləndirici, müsbət keyfiyyətlər aşılayan dövrü çoxdan bitib. Tv-proqramlar da təxminən eyni xüsusiyyəti daşıyır. Tamaşaçını ekran qarşısında saxlamaq üçün hər cür üsula əl atırlar. Mənfi tendensiyalar getdikcə cəmiyyətdə mənfilikləri artırır.