QHT sektorunda müsbət canlanma müşahidə olunur

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
 

Təşkilatlarımız beynəlxalq tribunalarda ölkəmizi  kifayət qədər sistematik və təşkilatlanmış formada təmsil edir
 
 
 Son illər Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətində ciddi aktivlik hiss olnur. Xüsusilə Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması bu sahənin nəzərəçarpacaq dərəcədə inkişafına təkan verib. Qeyd etməliyik ki, əvvəlki dövrlərdə ölkəmizin QHT sektorunda vəziyyət o qədər də ürəkaçan deyildi. Bəzi QHT-lər xarici dairələrin təsirinə düşür, Azərbaycanın maraqlarına zidd fəaliyyətlərə cəlb olunur, ölkəmizin imicinə xələl gətirən addımlar atırdılar. İndi isə QHT sektorunda müsbət istiqamətdə böyük canlanma müşahidə olunur. Bu gün yüksək xarici dil bilmə qabiliyyətinə, geniş dünyagörüşünə və təfəkkürə malik, savadlı QHT nümayəndələri beynəlxalq tədbirlərdə uğurla iştirak edir, Azərbaycanın haqq səsini, haqlı mövqeyini, mövcud reallıqları bütün dünyaya olduğu kimi çatdırır, ölkəmizin əleyhinə olan fəaliyyətlərə qarşı səmərəli mübarizə aparırlar.
 ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin dəstəyi ilə ATƏT sədrliyi yanında Varşava İnsan Ölçüsü Konfransında  Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin fəal iştirakı da bunun növbəti sübutudur.  QHT-lər  ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dair məruzələrində qeyd ediblər ki, otuz ildən artıq müddətdə qonşu Ermənistanın Azərbaycan ərazisində həm maddi, həm də hərbi dəstək verdiyi separatçı xunta rejimi hədsiz cəzasızlığa məruz qalıb.
Hər il ənənəvi olaraq təşkil olunan bu zirvə, ATƏT-in ən vacib tədbirlərindən biri sayılır. Toplantıda 57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələri iştirak edərək, insan haqları, fundamental azadlıqlar və münaqişələr məsələlərini müzakirə edirlər. Konfrans oktyabrın 11-də beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ATƏT-in insan hüquqları gündəliyinin möhkəmləndirilməsi üçün tövsiyələrin təqdim olunması ilə başa çatacaq.
 Konfransın əsas mövzularından biri  "Fundamental azadlıqlar" olub. Xüsusilə din və inanc azadlığı barədə çıxışlar dinlənilib. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev, tədbirin başlanğıcında Azərbaycanda dini azadlığın səviyyəsi ilə bağlı irəli sürülən qəribə iddialara diqqət çəkib. O, bu məsələnin izləniləcəyini bildirən bir nümayəndəyə öz çıxışında Azərbaycana dəvət göndərib.
QHT sədri qeyd edib ki, həmin nümayəndənin, ölkəyə gəlmədən faktları təhrif olunmuş şəkildə ifadə etməsi düzgün deyil. “100 dəfə yalan eşitməkdənsə, bir dəfə doğrunu görmək daha yaxşıdır” .
 Çıxışında multikulturalizmin Azərbaycan üçün həyat norması olduğunu qeyd edən A.Mirzəyev, ölkədə yaşayan bütün xalqların və konfessiyaların nümayəndələrinin – yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərin təmsilçilərinin – özlərini rahat hiss etdiklərini bildirib. O, bu etnik və dini müxtəlifliyin Azərbaycanın böyük sərvəti olduğunu ifadə edib: "Multikulturalizm bizim həyat normamızdır. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri - yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərin təmsilçiləri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və bu, həqiqətən belədir. Və bu etnik və dini müxtəliflik bizim böyük sərvətimizdir".
 Konfransın ikinci günündəki iclasda əsas müzakirə mövzusu rasizm, ksenofobiya və diskriminasiya olub. Ayaz Mirzəyev buradakı  çıxışında isə deyib ki,  sayı 2 milyona yaxınlaşan Qərbi azərbaycanlıların Ermənistandan deportasiyasını və onların doğma yurdlarına qayıtmasının rəsmi İrəvan tərəfindən qarşısının alınması faktına xüsusi diqqət çəkib. O vurğulayıb ki, doğma torpaqlarından zorla qovulan azərbaycanlılar, öz vətənlərində yaşamaq hüququndan məhrum edilmişdir. Beynəlxalq qanunvericiliyə əsasən, bu hal irqçiliyin açıq təzahürüdür. O, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunmasının onların beynəlxalq hüquq çərçivəsində tanınan fundamental haqları olduğunu bildirib:
"Onların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunmalıdır. Bu istiqamətdə beynəlxalq təşkilatlar Qərbi Azərbaycan İcması ilə də aktiv əməkdaşlıq qura bilərlər. Hər bir halda Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçün biz azərbaycanlılar hər bir beynəlxalq dialoqa hazırıq".

 Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov çıxışının əvvəlində ABŞ səfirinin Azərbaycanla bağlı tənqidi çıxışına cavab verib və bildirib ki, Azərbaycan dini radikalizm və terrorizmə qarşı fəal mübarizə aparır. Əfqanıstanda ABŞ-nin terrorla mübarizə tədbirlərinə fəal dəstək vermiş Azərbaycan bu gün Vaşinqtondan sanksiyalarla üzləşir və bu, ikili standartdır”.
 Xüsusən də, erməni əsilli ayrı-ayrı çıxışçıların Azərbaycan əleyhinə ard-arda etdiyi çıxışları məqsədyönlü kampaniya kimi dəyərləndirən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın bölgədə sülh üçün çalışdığı bir vaxtda erməni təmsilçilərin nifrət dolu çıxışlarını qəbuledilməz adlandırıb və bildirib ki, son 30 ildə torpaqları işğal olunan ölkə məhz Azərbaycan olub. Bir milyondan çox məcburi köçkünün olduğu ölkə də Azərbaycandır. Belə olan halda Azərbaycanın davamlı tənqid olunması diskriminasiyadır. Buna soy qoymaq lazımdır.
Daha sonra Ermənistandan olan çıxışçının Qarabağda yaşayan ermənilərlə bağlı çıxışına cavab verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına qarşı deyil. Qarabağda doğulmuş ermənilər Azərbaycan vətəndaşı olaraq, geri qayıda bilərlər. Eyni zamanda Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar da öz dədə-baba torpaqlarına geri dönməli və tarixi ədalət bərpa olunmalıdır: “Əgər biz tarixi ədalətdən danışırıqsa və insan haqları məsələsini qabardırıqsa, o zaman müxtəlif illərdə Zəngəzurdan qovulmuş etnik azərbaycanlıların da öz torpaqlarına geri qayıtmaq hüququnu tanımalıyıq. Bu məsələdə ikili standartlar yolverilməzdir.”

 Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Varşavadakı çıxışlarını dəyərləndirən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə “Sherg.az"a açıqlamasında QHT-lərin beynəlxalq tribunalarda ölkəmizi  kifayət qədər sistematik və təşkilatlanmış formada təmsil etdiklərini bildirib: 

“Əvvəllər QHT-lərimiz bu cür beynəlxalq tədbirlərdə daha çox fərdi formada iştirak  edirdilər. İndi isə komanda halında iştirak etdikləri üçün daha effektiv olduğunu zənn edirəm. Bu günə qədər olan beynəlxalq tədbirlərin əksəriyyətində azərbaycanlı nümayəndələr məruzə ilə çıxış edib, öz fikirlərini çatdırdıqdan sonra ermənilər onların çıxışlarına qarşı əks mövqe nümayiş etdirir, yalançı iddialarla Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd edirdilər. Budəfəki Konfransın formatı daha yaxşı qurulmuşdu  və çıxışlar növbəli olduğu üçün azərbaycanlı QHT-lərin  “hücum taktikası” ilə erməni  nümayəndələrin dediklərini təkzib etmək imkanları olurdu”.

 C.Hüseynzadənin sözlərinə görə, QHT-lərimizin ən böyük uğurlarından biri Qərbi azərbaycanlıların  təhlükəsiz və ləyaqətli qayıdışı mövzusunda  yan tədbirin (SİDE EVENT) keçirilməsi oldu. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi və İqtisadi və Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “İqlim dəyişmələri və qaçqınların sağlamlığı” mövzusuna həsr edilib və dünyada qaçqın və məcburi köçkünlərin vəziyyəti, iqlim dəyişmələrinin onların həyatına sosial, iqtisadi təsirləri müzakirə edilib. Bilirsiniz ki, dünyada məcburi köçkünlərin üzləşdiyi problemlər, xüsusilə Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslərin öz ata-baba yurdlarına qayıtmaq hüququnun bərpa edilməsinin vacibliyi geniş müzakirə olunub. Bildirilib ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların bir hissəsi köç zamanı yeni iqlim mühitinə uyğunlaşa bilməyib, həyatlarını itiriblər. Yan tədbir çərçivəsində Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə atdığı addımlar da yüksək qiymətləndirilib, COP29-dan gözləntilər, inklüzivliyin əhəmiyyəti vurğulanıb. Tədbirdə xeyli sayda ölkələrin rəsmi və QHT nümayəndələri  iştirak edib,  öz fikirlərini səsləndiriblər.  Bizim QHT-lər orada Azərbaycanın haqq mövqeyini, qaçqınlar məsələsini tədbir iştirakçılarının diqqətinə çatdırıblar”.