“Karate və boks uşaqlar üçün təhlükəlidir”
"Uşaq gələcəkdə peşəkar idmanla məşğul olmayacaqsa, sərt fəndli idman növlərinə göndərmək doğru deyil".
Bunu "Sherg.az"a sosioloq Lalə Mehralı Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət nəticəsində dünyasını dəyişməsindən danışarkən deyib. Onun fikrincə, sağlam böyümək üçün yüngül - gimnastika, üzgüçülük kimi idman növləri kifayətdir:
"İndi valideynlər çalışırlar ki, övladları müxtəlif məşğuliyyət növlərinə getsinlər. Doğrudur, ata-anaların çoxu bunu uşaqları evdə televizor və telefondan uzaq saxlamaq üçün fikirləşirlər. Amma uşaq hərşeyşünas ola bilməz. Ümumiyyətlə, övladı həm musiqi, həm idmana göndərmək doğru deyil.
Biri incəsənət, biri idman sahəsidir. İki fərqli istiqaməti birdən qavramaq mümkün deyil. Valideynlərin əksəriyyəti uşağını sadəcə özünü müdafiə edə bilsin, sağlam böyüsün deyə sərt fəndli idman növlərinə göndərirlər. Karate, boks kimi kobud idman növləri azyaşlı uşaqlar üçün təhlükəlidir.
Nəticəsini baş verən üzücü hadisədən də gördük. Yaxşı bilirik, məşqlər zamanı uşaqları hansı yollarla ram etməyə, idmanı öyrətməyə çalışırlar".
Qeyd edək ki, bir müddət öncə Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.