“Xəstəyə dərman tövsiyə etmək, hansısa dərmanı əvəzedicisi ilə dəyişmək aptekin ixtiyarında deyil”
“Təəssüf ki, onlar bu işlərlə də məşğuldurlar. Ona görə də apteklərin fəaliyyəti nizama salınmalıdır”
"Apteklər dərmanların dövriyyəsinə məsul olan bir qurumdur. Onlar preparatların saxlanılması, satışı və utilizasiyasına nəzarət edir".
Bunu "Sherg.az"a tibb elmləri doktoru, professor Adil Qeybulla ötən ay 51 aptekdə yoxlama aparılması barədə danışarkən söyləyib.
Onun sözlərinə görə, apteklərin bir çoxu özəl fəaliyyət göstərir, kommersiya qurumlarıdır:
"Ona görə də yoxlamanın keçirilməsində əsas məqsəd dövriyyəyə nəzarətdir. Azərbaycanda qeydiyyatdan keçməyən dərmanların aptek şəbəkəsində olması qadağandır. Dərmanlar quru, sərin yerdə, bəziləri soyuducuda saxlanılmalıdır. Saxlanma müddəti bitmiş dərmanlar utilizasiya edilməlidir.
Aptekin başqa funksiyası yoxdur. Xəstəyə dərman tövsiyə etmək, hansısa dərmanı əvəzedicisi ilə dəyişmək aptekin ixtiyarında deyil. Təəssüf ki, onlar bu işlərlə də məşğuldurlar. Hətta resept yazırlar, bəzi dərmanları tövsiyə edirlər, firmalarla əlbir işləyirlər. Ona görə də apteklərin fəaliyyəti nizama salınmalıdır. Bu qaydaları pozan apteklər ciddi cəzalandırılmalıdır. Lakin dərman bazarında da problemlərin olduğunu diqqətdə saxlamalıyıq. Preparatların qeydiyyat sisteminə yenidən baxılmalıdır".
Qeyd edək ki, ötən ay 51 aptekdə yoxlama aparılıb.Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bakı şəhəri üzrə 30, digər rayonlar üzrə 21 aptek olmaqla, ümumilikdə 51 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 15 protokol tərtib edilib.