"Səbəbi nə olursa, olsun, insanın başqasını qətlə yetirməsi, əlini qana bulaması, özü də birinci dərəcəli yaxınını öldürməsinə heç bir halda haqq qazandırıla bilməz".
Bunu "Sherg.az"a sosioloq Lalə Mehralı tanınmış plastik cərrah Türkan Gündüzün qətlə yetirilməsindən danışarkən deyib. O vurğulayıb ki, həmin şəxs ən ağır formada cəzalandırılmalıdır:
"Muhammet Gündüzün Azərbaycan vətəndaşı olmaması da nəzərə alınmalıdır. İçimizdə (ölkəmizdə) həyat yoldaşının qanına susayıb, ölümünə səbəb olanlar az idi, biri də Türkiyədən gəldi.
Vaxtilə, başqa ölkələrin ailədaxili cinayət xəbərləri rastımıza çıxanda heyrət edirdik, dəhşətə gəlirdik. İndi eyni hadisələri biz də yaşayırıq. Çünki adiləşib.
Məhkəmə öz həyat yoldaşına qətlə yetirən insanla bağlı ədalətli qərar verməlidir. Heç bir yüngülləşdirmədən, bəraətdən söz getməməlidir. Türkan Gündüz min bir əziyyətə qatlaşaraq, təhsil alıb, peşə fəaliyyəti ilə məşğul olub. Özünü püxtələşdirib, peşəkarlıqla işini icra edirdi.
Cəmiyyət onun haqqında çox yüksək fikirdə idi. Belə bir həkimi itirmək həm cəmiyyət, həm də dövlət adına ağırdır".
Qeyd edək ki, mayın 6-sı Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Gündüz həyat yoldaşı Muhammet Gündüz tərəfindən qətlə yetirilib.