"İnsanlar mövcud çətinliyin heç vaxt bitməyəcəyi əndişəsi ilə intiharı köklü çarə kimi görürlər".
Bunu "Sherg.az"a psixoloq Əfsanə Rüstəmova bir müddət əvvəl təlimçi-ekspertin intihar etməsindən danışarkən deyib. Onun sözlərinə görə, ruhsal dinamika sabit deyil və təsirlənəndir:
"Əslində hər şeyin yolunda getməsi və ya getməməsi insan üçün eyni qapını açırsa, (intiharla nəticələnirsə) deməli, ortada yanlış gedən nələrsə var. Ölmək - var olanı bitirmək deyil, bütünlüklə sonlandırmaqdır. İnsanlar bunun fərqinə gec varır. İntihar cəhdi ölümlə nəticələnməyən hər kəsdən bu etirafı eşidə bilərik. Hər kəs son anda peşman olur. Kimisi özünü atdığı 17-ci mərtəbənin 15-ci mərtəbəsində, kimisi isə ayaqları stola çatmayanda anlayır. Bəziləri bunu öz dərisində hiss edəndə sağ qalma ehtimallarının olmadığını bilib, intihardan çox həyəcandan dünyalarını dəyişirlər. Bəzən elə çətinliklər yaşanılır ki, insan onunla baş edəcək gücü özündə tapmır. Bu halda isə nə etmək lazım olduğunu bilmirik. Problem hər hansı bir çətinlikdə intiharın seçim-çarə kimi ağlımıza gəlməsidir. İnsan çarələri də düşünməlidir".
Psixoloq çarəsizlik duyğusundan yaxa qurtarmaq üçün "sonraya saxlamaq" metodonu tövsiyəsi edir:
"Qərar verməkdə çətinlik çəkdiyimiz, həlli mümkünsüz kimi görünən, çıxılmaz vəziyyətdə olduğumuzu hiss edəndə bu durumu ön planda saxlamaqla əksinə, çarədən uzaqlaşırıq. Özümüzdə belə “təxirəsalma vərdişlərini” yarada bilsək, hər çətinlikdən qalib çıxarıq. Yetər ki, həyat bizə yaşamaq üçün möhlət versin".
Qeyd edək ki, bir müddət əvvəl müəllim, təlimçi-ekspert Nizami Məmmədli intihar edib. O, özünü asıb. Mərhum evli olub, onun iki övladı Türkiyədə təhsil alır.