Dünya təcrübəsindən istifadə edə bilərik

“İnsan alveri qurbanları mübarizəyə cəlb edilsin”     

  Dünən Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclası keçirilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının dinlənildiyi iclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Həzi Aslanov, nazirliyin şöbə rəisi Ramil Kazımov və başqa şəxslər iştirak ediblər. 
  Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov bildirib ki, insan alverinə qarşı mübarizədə dövlət və parlament səviyyəsinə dəstək bu sahədə uğurlar əldə etməyə imkan verib. General deyib ki, bu sahədə son 18 ildə Azərbaycanda dünya standartlarına uyğun islahatlar aparılıb: "Qanunvericilik aktları qəbul olunub, ölkəmiz əksər beynəlxalq konvensiyalara qoşulub".

  DİN-in İdarə rəisi layihələrlə bağlı QHT-lərə iradını bildirib:

 "Gəncədə sığınacaq tikilməsi üçün sahə ayrılıb. Son 3 ildə QHT-lərə insan alverinə qarşı mübarizə sahəsində ayrılan vəsaitin artırılmasına ehtiyac olduğu barədə fikirlərlə razıdır. Ancaq bir irad da var. Hər il həyata keçirilən layihələr demək olar ki, təkrarlanır. Təqdim olunan layihə tutarlı olmalıdır. Çünki təqdim edilən layihələrin maliyyə tutumu 6-7 min manat olur”. 

  Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc insan alveri ilə bağlı məsələlərə daxili işlər nazirinin çox həssas yanaşdığını, belə şəxslərin əfvinə müsbət yanaşmadığını nəzərə çatdırıb. O, bu halı təqdir edib: “Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən 4-5 saatlıq iclaslarda əfvlə bağlı müzakirələr gedərkən komissiya üzvləri hər bir məhkumun işinə yüksək ədalət, balans, obyektivliklə baxılıb. Qeyd edim ki, xüsusi olaraq 95 faiz məhkumun işi ilə bağlı daxili işlər naziri kimi Vilayət Eyvazova da müraciət olunub. Mütləq əksəriyyətinə müxtəlif parametrlərdən humanizm göstərilir. Bir çox işlər də məxfi saxlanılır və bu da başadüşüləndir. Çünki cinayət işinin müxtəlif tərəfləri və subyektləri var. Məhz insan alveri ilə bağlı məsələlərdə nazirin çox prinsipial sərt mövqeyini görürük. Bildirir ki, həmin şəxsləri əfv etmək mümkün deyil, çünki sonradan müxtəlif ictimai təhlükəlilik doğuracaq”.

  Deputat Elşad Mirbəşiroğlu deyib ki, insan alveri qurbanları insan alverinə qarşı mübarizə tədbirlərinə cəlb edilməlidir: 

“Burada dünya təcrübəsindən istifadə edə bilərik. Xaricdə keçmişdə insan alveri qurbanları hazırda bu proseslərə cəlb olunur. Belə olan zaman insan alveri qurbanları daha tez həmin şəxsləri müəyyənləşdirə bilər. Gələcəkdə də bununla bağlı işçi qrupu yaradılarsa, həmin şəxsləri bura cəlb etmək lazımdır”.