“Valideyn o körpəyə sahib çıxmaq istəsə idi, 13 yaşında öz əli ilə övladını ölümün qucağına atmazdı. Bunun adı cahillik, vəhşilik və vicdansızlıqdır"
“Burada qanun öz sözünü deməlidir”
"Çox acınacaqlı, dəhşətli haldır. 21-ci əsrdə yaşayırıq. Hələ də özünü ibtidai icma quruluşunda yaşayırmış kimi hiss edənlər var".
Bunu "Sherg.az"a yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Səbinə Yusif 13 yaşlı qızla 37 yaşlı kişinin nişanlanmasından danışarkən söyləyib. Onun sözlərinə görə, bütün bunlar elmsizliyin, cahilliyin nəticəsidir:
"Bu həm də insanların çoxunun rahat dolanma yolu axtarmasındandır. Bəzi valideynlər elə fikirləşirlər ki, qızlarını ərə verəndə varlanacaqlar, özü xoşbəxt edə bilmədiyi övladını özgə xoşbəxt edəcək. Düzdür, bu adi səslənə bilər, ancaq həqiqətdir.
Lakin düşünmürlər ki, 37 yaşlı kişinin pulu 13 yaşlı qızın xoşbəxt gələcəyi demək deyil. Həmin azyaşlının bədəni tam formalaşmayıb. Onun ərə gedən yox, oyuncaqla oynayan vaxtıdır.
Burada qanun öz sözünü deməlidir. Hüquq-mühafizə orqanları həm o körpəni nişanlayan valideyni, həm də o uşağa elçi düşən 37 yaşlı kişi və onun valideynini ciddi şəkildə cəzalandırmalıdır.
Bu cür körpələr valideyndən alınıb, dövlətin himayəsinə verilməlidir. Valideyn o körpəyə sahib çıxmaq istəsə idi, 13 yaşında öz əli ilə övladını ölümün qucağına atmazdı. Bunun adı cahillik, vəhşilik və vicdansızlıqdır".
Qeyd edək ki, Azərbaycanda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə Bakının Sabunçu rayonunda baş verib.