"Qızların evdən qaçması, itkin düşməsi kimi analoji faktları təəssüf ki, mediamızda oxuyuruq. Bunun bir çox səbəbləri ola bilər".
Bunu "Sherg.az"a bələdiyyə üzvü, yazar Səbinə Abdullayeva Tovuzda 13 yaşlı qızın itkin düşməsindən danışarkən deyib. Onun sözlərinə görə, qızlar efirlər və sosial şəbəkələrdə dəbdəbəli həyatı görüb, arzulayırlar:
"Təəssüf ki, nə valideyn, nə də təhsil onlara bu həyatı düzgün təqdim edir. Bəzi təhsil müəssisələrində isə ümumiyyətlə, profilaktik söhbətlər aparılmır. Nəticə etibarilə yeniyetmə, gənc qızlar ailə quraraq, daha yaxşı həyat yaşayacaqlarına ümid edirlər. Bu cür problemlərin kökündə sosial, iqtisadi, psixoloji səbəblər yatır".
S.Abdullayeva diqqətə çatdırıb ki, demək olar, bütün icra hakimiyyətlərində qadın başçı müavinləri var:
"İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirləri sırf kimi problemlərlə məşğul olan məsul şəxslərdir. Bu cür halların qarşısının vaxtında alınması üçün müvafiq qurumlar, eyni zamanda gənclər, uşaqlarla bir sıra profilaktik tədbirlər həyata keçirməlidir. Çünki bir hadisənin qarşısının vaxtında alınması üçün reallaşdırılan tədbir sonradan yaranmış situasiyanın aradan qaldırılmasından daha asandır. Son illər bələdiyyələrdə pilot layihə olaraq, gender komissiyaları yaradılıb. Elə sırf erkən nikahların qarşısının alınması, məişət zorakılığı, gender problemlərinin həll edilməsi onların fəaliyyətləri sırasına daxildir. Bəlkə də, məişət zorakılığı, erkən nikaha məcbur edilən qızlarımız və ya şiddətə məruz qalan qadınlarımız polisə getməyə utana bilərlər. Amma artıq bələdiyyələrdəki gender komissiyalarına müraciət edə bilərlər.
Nəticə etibarilə isə təhsil önəmli faktdır. Məktəblər icra hakimiyyətləri, bələdiyyələr, polis orqanları ilə birgə bir sıra maarifləndirici tədbirləri aktiv şəkildə aparmalıdır.
Məhz bu yolla problemləri nisbətən azaltmaq olar. Xüsusən də, ucqar rayonlarda, kəndlərdə tədbirlərin təşkili xüsusi diqqətdə saxlanılmalıdır. Eyni zamanda efirlər, sosial şəbəkələrdə maarifləndirici təbliğat aparılmalıdır. Beləliklə, gənclər, yetişməkdə olan uşaqlar həyatın təkcə dəbdəbədən ibarət olmadığını, təhsilin önəmi və əhəmiyyətini, ruhdan düşməməyi, mübarizə aparmağı öyrənərlər. Səbəbindən asılı olmayaraq, ailə övladını sahibsiz buraxmamalıdır. Sahibsiz, tək, yiyəsiz qalan hər bir şey hücuma və məhvə məhkumdur. Ona görə də valideynlər övladlarına sevgi verməli, qorumalı, dəstək olmalıdırlar".
Qeyd edək ki, Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib.