Suyun soyuğundan keçir analar! – ŞOK İNTİHAR- Nə etməli? 

"Dünən ana və uşağın özlərini dənizə ataraq, intihar etməsi sarsıdıcı hadisədir. Ötən gün xəbəri oxuyanda çox üzüldüm".
Bunu "Sherg.az"a jurnalist, Əməkdar jurnalist Ləman Ələşrəfqızı ötən gün bulvarda ana və övladının intihara cəhd hadisəsindən danışarkən deyib. O vurğulayıb ki, intihar xəbərləri adamları hər zaman üzür:
"İnsan nə qədər psixoloji gərginlik həddinə çatmalı, psixoloji cəhətdən yüklənməlidir ki, canına qıysın. 
Bu, dəhşətlidir. İndi hamı ananı qınayır. Amma mən ananı çox da təqsirkar hesab etmirəm. Çünki bəlkə də, o ananın övladını etibar etməyə bir kəsi yoxdur. 

Bu gün qadının yoldaşının açıqlamasını görəndə həmin qənaətim bir qədər də özünü doğrultdu. Artıq ata açıqlama verir və bildirir ki, həyat yoldaşının ata-anası ilə konflikti olub.

 Özü də kasıb həyat tərzi sürür. Maddi sıxıntıları var. Düzdür, diqqəti bir az qızın valideynlərə doğru yönəldir, amma eyni zamanda da ailədəki problemləri etiraf edir. İndi zəmanə dəyişib. Zamanında hər birimiz maddi sıxıntılar yaşamışıq. Bu mərhələyə hər kəs çatır. Amma az adam sınaqdan üzü ağ çıxır".

Jurnalistin qənaətincə, intihara cəhd hadisəsinin baş verməsində ananın həyat yoldaşının da müəyyən qədər payı var:

"Çünki ər kasıb yaşadıqlarını, kirayə pulunu çatdıra bilmədiklərini etiraf edir. Belə olduqda kişi "Nə edək?! Belədir də, çatdıra bilmirəm, maddi sıxıntım var" deməməlidir. "Pulum yoxdur, amma şirin dilim var" söyləməlidir. İndiki gənclikdə çatışmayan da elə budur. 

Ona görə də ailələrdə konfliktlər yaranır. İntiharlarla bağlı xəbərləri çalışıram ki, nə paylaşım, nə də ona rəy yazım. Amma qadının üstünə gedilməsinin də tərəfdarı deyiləm. Düzdür, analar övladının həyatı üçün canlarından keçir. Ənvər Məmmədxanlının "Buz heykəl" əsəri ilə böyüyən nəsilik. O əsəri oxuyanda İkinci Dünya müharibəsinin soyuğu, sazağı, şaxtasında öz paltarlarını çıxarıb, körpəsinə geyindirən bir ana obrazını gördük. Ana özü donur, buz heykələ çevrilir, amma övladını paltarların içində yaşadır. İndi elə analar az olduğuna görə rahatlıqla uşağını suyun səthinə, dənizə atırlar. Çətin durumdur. 

Özünəqəsdlə bağlı həmişə cinayət işi qaldırılır, amma axırda cəzanın kimə verildiyi bilinmir. Məsələn, zamanında bir yazım olub. Yaponiyada "Aokigahara meşəsi” intiharlar meşəsi idi. Kim özünü öldürmək istəyirdi, oraya gedirdi. Yəni adamlar hətta bir yazıçının əsəri ilə belə intihar yolunu seçirlərsə, demək, hər şey özünə qəsd üçün əsas verə bilər. 

O cümlədən də, Azərbaycanda sosial-iqtisadi problemlər, müharibənin vurduğu zədələr, ziyanlar insan psixologiyasına təsir edir, adi bir sevgi dramı, biri-birini sevən iki gəncin ayrılması belə intihara gətirib, çıxarar.

 Bu halların qarşısını necə alınması ilə bağlı suala cavab tapmaqda çətinlik çəkirəm. "Maarifləndirmə işləri aparılmalıdır" deməklə bəzən vəziyyətdən çıxış yolu tapırıq. Məncə, "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən işlər görsün, intiharlar dayansın" demək də sadəlövhlük olar. 

Yaponiya kimi inkişaf etmiş bir ölkəyə də nəzər salanda anlaşılır ki, suisidlər heç də həmişə ehtiyacdan olmur. Bəzən yüksək təminatlı ailələrdə də adamlar özlərini öldürürlər. Ona görə də inanmıram ki, hansısa yolla intiharların qarşısını almaq mümkün olsun. Sadəcə maarifləndirmə işlərini, təbliğatı düzgün qurmalıyıq. İnsanları pozitivə kökləməliyik. Allahın qədər, qismətinə inanan insanam. Kimin alnına nə yazılıbsa, onu yaşayacaq. Allah hər birimizi hifz etsin, qorusun və doğru yola yönləndirsin".

Qeyd edək ki, bulvarda intihara cəhd hadisəsi olub. Bu barədə hadisə şahidləri məlumat verib. Məlumata görə, qadın və azyaşlı uşaq dənizə tullanıb. Hadisə şahidlərinin sözlərinə görə, uşaq şəhər sakinlərinin köməyi ilə dənizdən sağ-salamat çıxarılıb. Qadının isə FHN-in xilasediciləri tərəfindən dənizdən çıxarıldığı bildirilir.