"Bu gün Azərbaycanda müxtəlif sahələrdə əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. İstər məzuniyyət vaxtının verilməsi zamanı, istər iş saatları, istərsə də işçilərin işə götürülməsi zamanı müxtəlif formatlı müqavilələrin imzalanması və təbii ki, işəgötürənin daha çox marağına xidmət edir".
Bunu "Sherg.az"a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Konstitusiya Məhkəməsinin işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul etməsindən danışarkən deyib. O diqqətə çatdırıb ki, işçinin gecikmiş əməkhaqqına görə müəssisələrin könüllü şəkildə cərimələri ödəməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarının normal icra olunacağını düşünmür:
"Doğrudur, Konstitusiya Məhkəməsinin qərarı alqışlanmalıdır. Hər halda fərdə əmək mübahisələri zamanı gecikmiş maaşa görə, hər gün üçün əməkhaqqının bir faizin cərimə kimi ödənilməsi nəzərə tutulur. Amma vətəndaşlarımızın əmək hüquqlarının pozulması ilə bağlı bir dəfə də olsun, şikayətinə rast gəlməmişəm. Çünki iş yerini itirmək təhlükəsi ilə üz-üzədirlər. Sözügedən müqavilələr məhz işəgötürənin maraqlarına xidmət edir. Ona görə də bu qanunun yerlərdə işləyəcəyi o qədər də inandırıcı deyil. Hər halda vətəndaşa hüquq verilir ki, belə hallarla qarşılaşdıqda məhkəmə yolu ilə öz hüquqlarını bərpa edə bilsin".
Ç.Qənizadə vurğulayıb ki, işə götürülmə ilə bağlı vahid əmək müqaviləsinin imzalanması arzuolunandır:
"Söz açdığımız vahid müqavilə formaları müəyyən şəxslər, sahə üzrə mütəxəssislər və dövlət nümayəndələrinin iştirakı ilə hazırlanmalıdır. Bu gün hətta dövlət orqanlarında da insanları müvəqqəti (1-6 aylıq, 1 illik) müqavilələrlə işə götürürlər. Vətəndaş hər hansı müəssisəyə yararlıdırsa, əmək müqavilələri bağlanmalı və müddətsiz olmalıdır. Son dövrlər çoxsaylı müəssisələrdə, dövlət orqanlarında müddətli əmək müqavilələrinin bağlanması işçiləri müdiriyyətdən asılı vəziyyətə salır. Öz haqqını, hüququnu müdafiə etməyə cəhd göstərdikdə onu işdən çıxardıb, növbəti müqaviləni imzalamaqdan imtina edirlər və bu, heç məhkəmə predmeti də olmur. Sonda deyilir ki, əməkdaşla qurum arasında müddətli müqavilə imzalanıb, vaxt bitdiyinə görə, onu qanuna uyğun şəkildə işdən azad etmişik. Azərbaycan təcrübəsində müddətli işə götürməklə əmək müqavilələrinin imzalanmasının qəti əleyhinəyəm. Dövlət bu sahəyə xüsusi diqqət yetirməlidir".
Qeyd edək ki, Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.