Təhsil ocağında zəhərlənmə - “Məktəblərə həssas yanaşmalıyıq!”

"Məktəblərə həssas yanaşmalıyıq. Çünki orada baş verən hər hansı neqativ hadisə birbaşa cəmiyyətdə yansıyır".
 
Bunu "Sherg.az"a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mayın 23-ü günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsindən danışarkən deyib.
Onun sözlərinə görə, məktəbin dezinfeksiya edilmə zərurəti yaranıbsa, bu prosesi reallaşdıran şəxs və ya şirkət rəsmi akkreditasiyadan keçmiş, lisenziyalı olmalıdır:
"Sözügedən şirkətin başqa məktəblərin dezinfeksiyası ilə bağlı tədbirləri həyata keçirilməsinə dair müqavilə imzalanmalıdır. Mövcud müqaviləyə görə, onların məlum sahə üzrə nə qədər təcrübəli olduğu, daha əvvəl gördükləri işlər və ya təlim alıb, sertifikat əldə etdikləri göstərilməlidir. Hər bir müəssisədə dezinfeksiya işləri (istehsal sahələri, yaşayış binaları, xidmət sahələri, məktəblər, tibb müəssisələri və s.) otaqların havalandırılması, işıqlandırılması, insanların say çoxluğu kimi məsələlərə görə, fərqli aparılmalıdır. Adıçəkilən qaydalarda düzgün ardıcıllıq nəzərə alınmazsa, əlbəttə ki, görülən işin keyfiyyətində axsamalar, nöqsanlar olacaq. Digər məktəblərdə də dezinfeksiya zərurəti yaranıbsa, mütləq rəsmi akkreditasiyadan keçmiş, lisenziyası olmuş şirkətlərə müraciət edilməlidirlər".
 
Qeyd edək ki, mayın 23-ü günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.