"İctimai iaşə müəssisələrində işləyən işçi heyətinin hər biri altı aydan bir tibbi müayinədən keçməlidir".
Bunu "Sherg.az"a qida mütəxəssisi , ekspert Ağa Salamov Tovuzda fəaliyyət göstərən kafedə nöqsanların aşkarlanmasından danışarkən deyib. Onun sözlərinə görə, mətbəxdə daşıyıcı viruslar ola bilər:
'Tənəffüs yolları ilə keçən bakteriyaların qarşısı alınmalı , ağciyərlərin müayinəsi təşkil edilməli, qandan götürülən analizlər vasitəsilə hepatitin olub-olmadığı yoxlanılmalıdır. Məsələn, hepatit xəstəliyi olan bir işçi barmağını kəsərsə, qan çarpaz çirklənmə nəticəsində qidaya və ya hər hansı məhsula bulaşarsa, hepatitin yayılması halı baş verə bilər. Ona görə də virusların, sərbəst radikalların çoxalmasını əngəlləmək üçün işçilərin müayinədən keçməsi vacibdir. Həmçinin ictimai iaşə obyektlərində mütəmadi şəkildə dezinfeksiya, dibdən təmizlik işlərinin aparılması da lazımi addımlardandır. Eyni zamanda döşəmə, tavan və divarlar asan yuyulub, təmizlənə bilən materiallarla üzlənməlidir. Nəzərə almalıyıq ki, işçilərin də əmək mühafizəsi gözlənilməlidir. Əmək mühafizəsinin pozulmaması üçün sadaladığımız kriteriyalar diqqətdə saxlanılmalıdır. Regionlarda işçilər ictimai iaşə müəssisələri ilə bağlı maarifləndirilməlidir. Baxmayaraq ki, mütəxəssislər daim KİV vasitəsilə bilgiləndirmə işini həyata keçirirlər. Amma görünür, heç nə dəyişmir. İctimai iaşə müəssisələrində ilk növbədə, təlimlər təşkil edilməlidir. Xüsusilə də, mətbəx personalı qida zəncirində yanlışlıqlara yol verilməməsi üçün qida məhsullarının bişirilməsi, saxlanması, daşınması, soyudulması kimi məsələlər üzrə məlumatlandırılmalıdırlar. Qida texnoloqu və ya qida mütəxəssisləri davamlı şəkildə baxış keçirməlidirlər. Amma təəssüf ki, ictimai iaşə müəssisələrinin 80 faizində heç qida mütəxəssisi anlayışı da mövcud deyil".
Qeyd edək ki, Tovuzda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb. Tovuzun Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən, fiziki şəxs Polad Əsgər oğlu Zeynalova məxsus “Loğman” kafesində yoxlama keçirilib. Qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.