"İnşaat işi normativ standartlara uyğun şəkildə həyata keçirilməlidir".
Bunu "Sherg.az"a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Qubada uşaq bağçası-körpələr evində ilanların aşkarlanmasından danışarkən deyib. O diqqətə çatdırıb ki, bina təhvil alındıqdan sonra müvafiq qurumlar yoxlamalar keçirdikdən sonra hər şey qaydasındadırsa, bina təhvil alınır:
"Tikinti işindən sonra gələn istifadə müddətində bina balansında olduğu qurumun təhlükəsiz istismarına nəzarət edir. Binanın özü, həyətyanı sahəsi, nasosxana, generator otaqları, zirzəmi, tavan kimi uçma, dağılma təhlükəsi ilə üzləşən yerlər varsa, vaxtında müəyyən edilməlidir. Problem aradan qaldırılmalıdır. Eyni zamanda bina qəzalı, tavan, döşəmə, zirzəmi natəmiz, həyəti baxımsız vəziyyətdədirsə, vaxtında təmizlənilmirsə, əlbəttə, bu da kifayət qədər risklidir.
Mövsümi olaraq, yaz-yay aylarında ilanlar, zəhərli əqrəblər, böcəklərin nəinki təhsil, digər müəssisələr, ictimai iaşə obyektlərinin ərazilərində aşkarlanmaması üçün mütləq qabaqlayıcı tədbirlər görülməlidir. İlanlar, zəhərli həşəratların çoxalmasının qarşını almaq üçün müəssisələrin dərmanlanması prosesi həyata keçirilməlidir. Həyət-baca səliqəli, təmiz olmalıdır. Zibillik, natəmizlik, dağınıq, uçunuq yerlər adıçəkilən heyvan və həşəratlar üçün sığınacaqdır. Bu cür yerlərdə də siçan və siçovullarla qidalanırlar. Ona görə də əvvəlcədən hazırlıqlarını görməlidirlər ki, həmin müəssisələrə, ictimai iaşə obyektlərinə gələn insanlar üçün həyati təhlükə yaranmasın".
Qeyd edək ki, Qubada uşaq bağçası-körpələr evində ilanlar aşkarlanıb. Hadisə rayonun Alekseyevka kəndində yerləşən 17 saylı uşaq bağçası-körpələr evində baş verib. Uşaq bağçası-körpələr evinin tavanında bir neçə ilan aşkar olunub.