Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyinin yaradılması təklif olunur

“Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyi yaratmalıyıq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan irsləri dərindən araşdırılmalıdır: “Alban kilsəsi, erməni və gürcü kilsələrinin xüsusiyyətlərinin dəqiq göstərildiyi kitablar yazılmalıdır. Həmin dövrdə hansı bəyin nə qədər qızıl verərək həmin torpaqları alması və orada hansı kilsələri tikdirməsi barədə məlumatlar tədqiq edilməlidir. Həmçinin erməni dilini bilən alimlər yetişdirilməlidir”.

"Biz maddi-mədəni irsimizdən danışdığımız kimi, qeyri-mədəni irslərimiz barədə də danışmalıyıq. Bununla əlaqədar da işlər aparmalıyıq. Həmçinin Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyi yaratmalıyıq. Hesab edirəm ki, bu addım bizə ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda töhfə verə bilər”, - S.Rüstəmxanlı qeyd edib.