Gədəbəyin icra başçısı Söyüdlü kəndinə gedib, sakinlərlə görüşüb


Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu gün rayonun Söyüdlü kəndinə gedib.

APA-nın yerli müxbiri xəbər verir ki, icra başçısı sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib, kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib.

Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək.

Elşad Hacıyev onu da əlavə edib ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir: “Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər”.

Şöbə rəisinin sözlərinə görə, Söyüdlü kəndində süni gölün tikintisinə qanunsuz müdaxilə edən şəxslərlə 2 aydır ki, rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb. E. Hacıyev deyib ki, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.