Qurbanlıq heyvanların satış qiyməti bahalaşıb?

Qurbanlıq heyvanların qiyməti artıb

Sahibkarlar savab qazanmaq istəyirlərsə, bu işə ədalətlə yanaşmalıdırlar


  Qarşıdan Qurban bayramı gəlir. Ölkəmizdə Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.
  "Trend"in əməkdaşı bayram ərəfəsində bazarda qurbanlıq ətin qiymətləri ilə bağlı araşdırma aparıb. Bazarda qurbanlıq qoyunların qiymətləri müxtəlifdir. Qurbanlıq qoyunlar həm diri çəkidə, həm də təmiz ət çəkisi ilə təklif edilir.
Satıcılar etiraf etdilər ki, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiymətində artım var. Heyvanların qiyməti çəkiyə görə dəyişir. Heyvanlar diri çəkidə bir kilosu 7-8 manata, kəsilib doğranaraq təhvil verildikdə isə 16-18 manata təklif edilir.
  Qurbanlıq erkək danaların diri çəkidə bir kilosu 6,5 manat, kəsilib doğranaraq təhvil verildikdə isə 13-15 manat arası dəyişir.
Qeyd edək ki, hər il bayram günlərində rastlaşdığımız bu qiymət artımı əhali arasında narahatçılıq doğurur.
  Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev "Trend"ə bildirib ki, qurban kəsənlər əti imkansız ailələrə paylamalıdır.
"Yoxsul, fəqirlərə pay verilməlidir. Qurban kəsən adam ətin 1/3 hissəsini ayırıb bir payı özünə saxlamalı, qalan hissəsini isə paylamalıdır. Vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər. Qurbanlıq kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəxslər üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir".
  F.Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.
  "Qurban bayramında bazarlarda qiyməti süni şəkildə qaldıranlara da rast gəlinir. Bir adam mal satırsa, tövsiyə olunur ki, həmin ərəfədə malı bahalaşdırmasın. Savab qazanmaq istəyirlərsə, ədalətlə bu işə yanaşsınlar. Qurbanlıq alan da, heyvan 5-10 manat baha olsa, danışmamalıdır, xırdaçılıq etməməlidir. Çünki dinimizdə də buyrulub ki, imkanı olan qurban almalıdır", - deyə o qeyd edib.


  Bayramqabağı qiymət artımının ticarət fəndi olduğunu deyən iqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az"a açıqlamasında  bildirib ki, ərzaq məhsullarının qiyməti dinamik şəkildə qalxır:
"Bu gün quzu ətinin qiymətinin bayramqabağı artmasını dolayı yolla da olsa,  böhranın boynuna atacaqlar. Lakin bu doğru deyil. Məhz Qurban bayramında qurbanlıq heyvanlara tələbat artır və bu da qiymət artımına səbəb olur. Bütün sahibkarlar istəyirlər ki, daha çox mənfəət əldə etsinlər. Çox təəssüf ki, müqəddəs bayramın olması da bu hallara təsir göstərmir. Ticarətin dini yoxdur, hər bayram bu hallar müşahidə olunur. İndi də elə olacaq".