"Deputatları elə günə qoyurlar ki, danışmağa qorxurlar" - Aqil Abbas

Ağdamı, Ağcabədini dolu vurub, camaatın əziyyətlə yetişdirdiyi məhsul məhv olub.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, hər yerdə sığorta ilə bağlı maarifləndirmə işləri aparılır, amma camaat sığortalanmaq istəmir:
“Ağdamdan, Ağcabədidən mənə zənglər edirlər. Mən də onlara deyirəm niyə sığorta olunmamısan ki, dövlət də indi sənə sığorta versin. Üzümü tuturam Əli Əsədova. Camaat 10-15 min ziyana düşüb. Onlar səhv edib, sığorta etdirməyiblər. Bəs bunlar nə etsin?! Bu əhaliyə heç olmasa az miqdarda da olsa, əl tutsunlar. Yoxsa o camaat qaçıb Bakıya gələcək. Büdcəni təsdiq edəndə də gördük ki, dövlətimizin bu imkanı var. Onların evləri də dağılıb, şiferləri qırılıb. Bir əmimoğu var, başına nə boyda dolu düşübsə, aparıblar xəstəxanaya. Görün nə boyda dolu yağıb. Hörmətli Əli müəllim, siz Söyüdlü üçüm komissiya yaratmısınız, birini də bu Ağdam, Ağcabədi üçün yaradın”.
Deputat bildirib ki, danışmağa qorxurlar:
“Mətbuatda deputatları elə günə qoyurlar ki, nə desək, hər şeyi bizim əleyhimizə istifadə edilir. Nə danışsaq, sosial şəbəkələrdə deputatın təhqir olunması, söyülməsi üçün istifadə edirlər”.
Sədr Sahibə Qafarova isə bildirib ki, bu zalda oturan heç bir deputat danışmağa qorxmayıb.