"Tələbənin "şortik" geyindiyi üçün universitetə daxil olmasına maneəçilik törətmək doğru addım deyil".
Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi mühafizəçinin tələbəni "şortik" geyindiyi üçün universitetə girişinə əngəl olmasından danışarkən deyib. Onun sözlərinə görə, tələbənin bilik və bacarıqlarına daha çox üstünlük verməliyik:
"Ali təhsil ocağında tələbənin geyimini, imicini əsas götürməyə ehtiyac yoxdur. Tələbəni fərqli geyindiyinə görə, ümumi prosesdən kənarlaşdırmaq yaxud ona qarşı hansısa səhv addım atmaq olmaz. Xüsusilə də, həmin şəxs imtahana gəldiyi halda onun bilik və bacarığını qiymətləndiririksə, iştirakına da şərait yaratmalıyıq.
Ola bilər, universitetin özünün daxili nizam-intizam qaydaları var. Təbii ki, bu, ali təhsil müəssisəsinin özündən asılıdır. Amma artıq Avropa təhsil sisteminə keçid etmişik. Avropa təhsil sistemində də fərqli imiclərlə imtahana gələn, hətta dərslərdə iştirak edən tələbələr görmək mümkündür. Orada bu kimi hallarda tələbəyə qarşı qadağalar tətbiq edilmir. Bu məsələni şəxsin ixtiyarına buraxmaq lazımdır. Həmçinin analoji hallarda imtahandan sonra sözügedən tələbə ilə profilaktik söhbətlər aparmaq olar. Geyim tərzinə fikir verməsinin arzuolunanlığı bildirilməlidir. Lakin əslində danışıqların aparılması belə absurddur".
Qeyd edək ki, imtahana “şortik” və çəkələklə gələn tələbəni universitet qapısında gözlədiblər. Hadisənin ötən gün Azərbaycan Texniki Universitetində baş verdiyi bildirilir. Məlumata görə, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 3-cü kurs tələbələrindən biri bu gün havanın isti keçməsi ilə əlaqədar imtahana “şortik”lə gəlib. Amma onun içəri daxil olmasına imkan verilməyib. İmtahana üç-beş dəqiqə qalmış mühafizə rəisi tələbəyə yaxınlaşaraq, onu içəri buraxıb.