Yağış, sel, dolu həmişə gözlənilir

Yağış, sel, dolu həmişə gözlənilir

Yeganə yol Aqrar Sığorta Fondunda öz təsərrüfatını sığortalamaqdır

Son günlər respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna (ASF) daxil olan müraciətlərin sayı artıb. Fondun məlumatına görə, bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində fermer təsərrüfatlarına ziyan dəyib:

 “Ötən dövr ərzində əsasən Ağdam rayonu ərazisində buğda, arpa, pambıq sahələrinə dolu düşməsi, güclü küləyin ağacları sahələrə aşırması ilə bağlı məlumat verilib. Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Güclü külək, leysan, subasma, dolu düşməsi nəticəsində xeyli sayda təsərrüfata ziyan dəyib. Ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub. Müraciətlər fırtına və dolu kimi sığorta predmetləri ilə bağlıdır.

 İlin əvvəlindən Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb. Hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 400 000 hektar əkin ərazisi sığortalanıb. Baş verən hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin qiymətləndirilməsi prosesi davam edir. Payızlıq və yazlıq əkinlərin biçin dövrü olduğu üçün öncədən zərər görmüş əkin sahələrində də yekun qiymətləndirmə aparılır. Bu proses yekunlaşdıqdan sonra fermerlərə dəymiş zərərlər ödəniləcək. Fond sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırır. Belə ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 çağrı mərkəzinə, eyni zamanda məlumatlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir”.
  
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin isə “Sherg.az”a açıqlamasına  görə, kənd təsərrüfatında məhsuldarlıq  təbiət hadisələrindən asılıdır:

 “Kənd təsərrüfatının inkişafı bir növ  iqlimdən asılıdır. Bu səbəbdən intensiv yağışlar, xüsusən də dolu mövsümi  məhsulların keyfiyyətinə, həm də istehsal həcminə əlbəttə mənfi təsir edəcək. Əslində təbiət hadisələrinin kənd təsərrüfatına ziyanı həmişə olub. Ən inkişaf etmiş ölkələrdə də bu hallar olur. Xüsusən də ölkəmizdə  hər ilin bu dövrü regionlarda  intensiv yağışlar və dolu yağır, bəzi yerlərdə sel olur. Əgər yağışlar uzunmüddətli intensiv xarakter daşıyarsa, bu hal bəzi bitkilərə zərər verə bilər.
Əkin sahəsi, təsərrüfatı olan hər bir fermer bunu bilir. Bunun üçün təsərrüfatlarını əkib, becərməzdən əvvəl mütləq qoruma yollarına da diqqət etməlidirlər. Bu gün yeganə yol Aqrar Sığorta Fondunda öz təsərrüfatını sığortalamaqdır. Fermerlər əkinlərini və ya bağlarını elektron sistemdə bəyan edir, sığorta müqaviləsi bağlayırlar. Fermerlər təbii fəlakətlərdən qorunmaq üçün məhsulunu sığortalamalıdırlar”.