Qardaş ölkə mesaj verdi: Azərbaycana qarşı təxribata əl ata bilməzlər!

“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi. Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də yüklərin daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini nümayiş etdirir.

Məsələ ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, Türkiyənin Laçın dəhlizi ilə bağlı bəyanatında həm Ermənistana, həm separatçı rejimə, həm də dünya birliyinə açıq mesaj verir:
"Bildirir ki, siz elə  düşünməyin, Azərbaycana qarşı hər hansı təxribata əl ata bilərsiniz. Bununla qardaş ölkəmiz xəbər verir ki, regionda o var! Deyir ki, o olduğu yerdə isə separatçı qüvvələrin bu cür hərəkət etməyi mümkün deyil. Vurğulayır ki, Azərbaycana qarşı istənilən bir hərəkətdə onu qarşılarında görəcəklər. Nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan arasında 2021-ci ildə Şuşa bəyannaməsi imzalanıb. Bu bəyannamənin məğzi ondan ibarətdir ki, tərəflər arasında qarşılıqlı  hərbi əlaqələr mövcuddur. İki tərəfdən birinə təhdid olarsa, ciddi tədbir görmək mümkündür. Bu həm də region dövlətlərinə mesaj idi: Yəni sizin təxribatlarınızı görürəm, elə başa düşməyin ki, sakit dururamsa, nəsə etməyəcəm".