Onları görə bilmirik  -  İntiharların bir səbəbi var!

Bütün dövrlərin aktual problemi intiharların sayı bu günlərdə yenidən artıb.

Demək olar ki, günaşırı biz istər regionlardan, istərsə də, paytaxt Bakıdan insanların canlarına qəsd etməsi ilə bağlı xəbərlər oxuyuruq.

 Məsələn, bu gün 20 yaşlı Sabit Xəlilov özünü asıb, 1955-ci il təvəllüdlü Raya Nağıyeva sirkə içərək canına qəsd edib, Oğuzda 51 yaşlı kişi övladının toyundan 3 gün sonra özünü öldürüb və sairə... Hələ sadalamaq olar.

 Onlardan kimisinin yaşı azdır, kimisinin çox. Bir sözlə hazırkı dövrdə canaqəsd hallarının yaş aralığı da bir-birindən fərqlənir. 

Bu kimi hallarda sonradan məsələnin iç üzü açılır, şəxsin özünü öldürmə səbəbi ortaya çıxır. Kimliyindən və nə üçün bu yolu seçməyindən asılı olmayaraq nəticə dəyişmir: Bir həyat erkən sonlanır. 

Sual yaranır, insanlar niyə yaşamaq istəmirlər? 

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, intihar başqa bir alternativi görə bilməməkdir:

“Araşdırmalar göstərir ki, intihar emosional cəhətdən zəif olan insanların seçimidir. Ətrafı tərəfindən başa düşülməyən, dinlənilməyən, diqqət ayrılmayan insanların çıxış yoludur.  Ona görə də ətrafımıza qarşı laqeyd yanaşmamalıyıq. Əslində insanlar intihardan öncə həyatda qalmaq üçün hər kəsə dərdini başa salmağa çalışır, kömək istəyir".
Psixoloq qeyd edib ki, bu hadisələrin 90 faizinin səbəbi ölümə gedən insanları görməməyimizdir:

"Onlar var olduqları halda görünməməkdənsə, yox olub görünməməyi seçirlər. Emosional həssas insanların yanında intihar barədə danışmaq belə onları bu yönə istiqamətləndirə bilər. İntiharların qarşısını almaq üçün bütün müəssisələrdə uşaqlara, yeniyetmələrə alternativ düşünməyi, hər zaman bir çıxış yolu olduğunu öyrətməliyik. Əgər soruşsaq ki, belə halların qarşısını necə  almalı?  Cavabı budur ki, qayğı göstərib, həssas davranıb, hər zaman dinləməyə açıq olduğumuzu bildirərək. Hələ bu günə qədər kimsə sevildiyi halda ölməyi seçməyib”. 

Səbinə Elmanqızı