Qadın qətlləri artır: Elm kömək olacaq!

"Qadınsız cəmiyyət..." 

İfadəsi belə çətin, ağılasığmazdır. Təəssüf ki, çoxu bunu dərk etmir.  

Bəzən gələcəyimizin təməlini quran, dünyaya övlad gətirib, onu yetişdirən qadınların həyatla erkən vidalaşmasına səbəb olurlar. 

Məsələn, Ucarda 42 yaşlı qadının boğularaq qətlə yetirilməsi kimi...  Üstəlik budəfəki qurbanın ölümündə onun məhz öz övladı-oğlu ittiham olunur. 

Yəni hər dövrün aktual mövzusu olan qadın qətllərinin ardı-arası kəsilmir. Qatillərinin kimliyindən asılı olmayaraq Allahın yaratdığı zərif bəndələr həyata faciəvi şəkildə gözlərini yumurlar.

Bu məsələ ilə bağlı “Sherg.az”a danışan sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, ölkədə əhalinin davranışı, keyfiyyəti ilə bağlı vacib işlər var ki, onlar həyata keçirilmir: 

“Biz hadisələri başlı başına buraxmışıq. Müasir elm əslandırır ki, cəmiyyət mürəkkəbləşdikcə müəyyən maarifləndirmə, izahat işləri aparılmalıdır. Baş verən hadisələrlə bağlı ekspertlər sosioloji araşdırmalar aparmalı, təhlil etməlidirlər. Bununla yanaşı, sorğu keçirilməlidir”.

Ekspert  həmçinin qeyd edib ki, ölkədə  alternativ, ciddi əsaslarla fəaliyyət göstərən elmi mərkəzləri olmalıdır:

“Təəssüf ki, bu sahədə böyük boşluğumuz var. Hadisələrin qarşısı alınmasa, təxmini 3-5 il ərzində qadın qətllərinin statistika göstəricisi artacaq. Cəmiyyət həssaslaşıb, mürəkkəbləşibsə, ona elmi kömək lazımdır”. 

Səbinə Elmanqızı