Günahkar təbiətdir, ya insanlar?  - Dənzidə boğulmalar...

Dənizdə boğulma halları yay fəsli başladığı gündən mütəmadi müşahidə olunur. Bu günlərdə də dənizdə batan şəxslərlə bağlı xəbərlər yayılır.

Məsələn, 1986-cı il təvəllüdlü Məmmədov Teymur Asif oğlu Zuğulba çimərliyində batıb. Şüvəlan qəsəbəsi yaxınlığında isə  dörd nəfər ehtiyatsızlıq ucbatından boğularaq ölüb. Səbəbi isə çox zaman kimisinin üzə bilməməsi, kimisinin də üzmə qabiliyyətinə güvənib özbaşına təhlükəli zonalara getməsidir. 

Bununla yanaşı, sosial şəbəkələrdə və ictimaiyyətdə bildirilir ki, son zamanlar baş verən zəlzələlər nəticəsində "Xəzər"də çuxurlar əmələ gəlib.  

Bəs dənizdə boğulma hallarına həqiqətən bu səbəb ola bilərmi? Yəni insanların batması bu çuxurlarla əlaqəlidir?

Ekoloq Rövşən Abbasov ‘’Sherg.az’’a danışan  bildirib ki, çuxurlar zəlzələ nəticəsində yaransa da, elmi cəhətdən təsdiq olunmayıb:
“Çoxu bunu fərziyyə kimi gündəmə gətirir. Hesab edirəm ki, boğulmaların əksəriyyəti ehtiyatsızlıqdan yaranır. Üzməyi, uzun müddət suyun üzərində qalmağı bacarmayan insanlar təkbaşına sahildən uzaqlaşır və geri qayıda bilmirlər”.  

Ekspert qeyd edib ki, küləkli, dalğanın çox olduğu vaxtlarda dənizə üz tutmaq risklidir:

“Çuxurlar əmələ gəlsə də, bir ərazi dərinləşə və ya dayazlaşa bilər. Yaxşı olar ki, insanlar öz boylarını keçən, təhlükəli zonalara getməsinlər.  Üzməyi bilməyənlərə məsləhətim odur ki, təkbaşlarına çimərliklərə üz tutmasınlar”.

Səbinə Elmanqızı