Ukraynada nazir müavini olan Teymur nümunə olmalıdır! 

Azərbaycanlı gənc Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Ukrayna strateji sənayelər nazirinin müavini təyin olunub.
Bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.

Xatırladaq ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Hadisəni yüksək qiymətləndirdiyini söyləyən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Sherg.az”a vurğulayıb ki, xaricdəki azərbaycanlıların vəzifələrdə çalışması Azərbaycan diasporunun qarşısına qoyduğu əsas vəzifələrdən biridir:

"Soydaşlarımızın yüksək vəzifələrə təyinatı ölkəmizin imicində böyük əhəmiyyət kəsb edir. Cənab Prezident də dünya azərbaycanlılarının qurultaylarında hər dəfə bu məsələni qaldırır. Ümumiyyətlə gənclərin bu cür vəzifələrdə çalışması üçün diasporda uzunmüddətli hazırlıq getməlidir. Yəni xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alaraq kadr kimi yetişməlidirlər. Ümumiyyətlə diaspor ailəsində böyüyən gənclər hələ yetkinlik dövründə ictimai fəal olurlar. 
Azərbaycanlı gənc Teymur Məmmədovun Ukraynada Strateji Sahələr nazirinin müavini təyin edilməsi də bunun daha bir göstəricisidir. Teymur müəllimin özü də diaspor ailəsində böyüyüb. Onun atası Ukraynadakı diasporumuzun ağsaqqallarından biri olub. Azərbaycanlı gəncin yüksək vəzifəyə gəlməsi bizim üçün fəxrdir. Bu həm də xaricdəki digər gənclər üçün bir nümunə hesab oluna bilər. Biz də Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq daima xaricdəki gənclərimizin ana vətənə, milli-mənəvi dəyərlərə bağlılığı və yaşadığı ölkədə Azərbaycanı doğru təbliğ etməsini gündəmə gətiririk. Həmçinin bu istiqamətdə layihələrimiz olur. Yəni məqsədimiz ikinci nəsil Azərbaycan diasporunu insan kapitalına çevirməkdir. Çünki yaxşı yetişdirilən bir gəncin ölkəmizi təmsil etməsi Azərbaycan xalqının və diasporunun uğurudur".

Qeyd edək ki, Teymur Tkaçenko (Məmmədov) bu vəzifəyə qədər Kiyev vilayəti administrasiyasında departament rəhbəri olub, Ukraynada humanitar missiyada aktiv iştirak edir.