Rusiyanın "Novaya qazeta" nəşri Yelena Romanovanın "Qarabağ - özünü mühasirəyə almış qala" adlı məqaləsini erməni oxucuların hücumlarından sonra silib.
Trend xəbər verir ki, məqaləni özünün "Facebook" səhifəsində paylaşan müəllif Yelena Romanova paylaşımını "blokada o deməkdir ki, perimetr boyu pulemyotçular var və çıxmaq olmaz. Amma Azərbaycandan ərzaq almağın mümkün olduğu halda siz uşaqlarınızı aclıqdan qırırsınızsa, bu blokada deyil, tamaşadır", - deyə şərh edib.
Ermənistan gün keçdikcə informasiya meydanında havadarlarını itirir və dünyanın kütləvi informasiya vasitələri erməni tərəfin cəfəng arqumentlərini getdikcə daha çox təkzib edirlər. Təbii ki, sosial şəbəkənin erməni istifadəçiləri narazılıqlarını bildirərək Romanovanı "qərəzli münasibətdə" ittiham ediblər. Nəticədə müəllif öz paylaşımını silməli olub. Erməni oxucuların təzyiqi nəşrə də yönəlib və sonda məqalənin özünü də siliblər.
Ermənilərin Rusiyanın media sektorunda güclü nüfuzu olduğunu deyən siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a vurğulayıb ki, rus televiziyalarında hökuməti müdafiə edənlər erməni politoloq və jurnalistlərdir:
"Rusiyanın informasiya siyasətinə təsir göstərə bilmək ermənilərin uzun illərdir apardığı lobbi fəaliyyətinin nəticəsidir. Prezident İlham Əliyevin son çıxışlarının birində belə bir fikir diqqətimi çəkdi. O bildirdi ki, Rusiya televiziyaları və mətbuatının Azərbaycanın əleyhinə çıxışları dövlətlərarası münasibətə təsir göstərmir. Mən də bu tezisin tərəfdarıyam. Ancaq bu ictimai əlaqələrə çox ciddi təsir edir. Yəni erməni lobbisi özünün yerləşdirdiyi politoloq və jurnalistlərlə Azərbaycanın həqiqətlərini rus ictimaiyyətinə tərs yöndən çatdırır. Sanki "Azərbaycan Ermənistana hücum etdi və erməniləri soyqırımına uğratdı" fikrini formalaşdırıblar".
Analitik əlavə edib ki, Ukraynada müharibə başladıqdan sonra "Novaya qazeta" nəşri fərqli bir mövqe seçib:
"Hətta "Novaya qazeta"nın nobel almış rəhbərliyi belə Rusiyanı tərk etdi. Bundan sonra isə onlar Rusiyada istənməyən mətbuat kimi qiymətləndirilir. İndiki şəraitdə isə nəşrin erməni lobbisinin fikirlərini ifadə etmək kimi bir istəyi də yoxdur. Digər tərəfdən məqalənin silinməsinə səbəb kimi Yelena Romanovanın şəxsi sosial media hesabına təzyiq edilməsi göstərilib. Yəni məqalənin silinməsinə redaksiya qərar verməyib. Bunu isə başa düşmək olar. Bəlkə də ona təhdidlər gəlib. Mənim özümə də Rusiya televiziyalarında çıxış etdikdən sonra sosial şəbəkələrdə "Evdən çıxanda ətrafına yaxşı bax", "Biz sənin haqqında tədbir görəcəyik" və.s kimi təhdidlər gəlirdi. Əlbəttə biz bu təhdidlərə fikir vermədən fəaliyyətlərimizi davam etdiririk. Ancaq ermənilər birləşərək mənim 50 il Rusiyadan deportasiya olunmağıma nail oldular. Yəqin ki, eyni şeyi Yelena Romanova yaşamaq istəmir".
Xatırladaq ki, "Novaya qazeta" nəşri bundan əvvəl açıq-aşkar şəkildə Azərbaycan əleyhinə məqalələr dərc edib. Bir il bundan əvvəl jurnalist Yan Şenkman Zabux (bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu, artıq işğaldan azad edilib) kəndinin erməni sakinlərinin guya daimi şəkildə mənəvi iztirablara və Azərbaycan tərəfindən atəşə məruz qaldığına dair təxribatçı material yazması üçün kəndə göndərilib. Lakin "Novaya qazeta"nın müxbiri əlbəttə, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış müharibə nəticəsində bir milyondan yuxarı azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktı barədə susub.
Qeyd edək ki, bu materialı hələ də "Novaya qazeta" saytında tapmaq mümkündür.