Nə çəkinirlər, nə qorxurlar: Bəkarətini pozduqdan sonra...

Ötən günlərdə Cəlilabadda nişanlı qızı qaçıran əmioğlulara ağır cəza verilib. Həmçinin qaçırılan qız  Zəminə Hacıyevanın nişanlı olduğu bildirilib.  Bu kimi halları bədii ədəbiyyatda oxumağımıza, kinolarda görməyimizə baxmayaraq günümüzdə də  belə neqativ tendensiyalara rast gəlirik.  

Bu kimi hadisələr sosiloji və psixoloji problemlərə yol açır.  Məsələnin hüquqi tərəfi bir yana qalsın, cəmiyyətdə də ciddi böhranlar yaradır. 

21-ci əsrdə yaşadığımızı nəzərə alsaq, maarifləndirmə prosesinin kifayət qədər sürətlə getdiyini düşünsək, onda niyə hələ də qız qaçırma hallarına rast gəlirik? 

 Sözügedən məsələ ilə bağlı “Altay” Sosial Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı “Sherg.az”a açıqlama verib:

“İstənilən halda zorla qız qaçırılması insan oğurluğu, insan alveridir. Hətta qaçırılan qızın nişanlı olması verilən cəzanın dəfələrlə ağırlaşmasına səbəb olub.  Belə qudurğan, axmaq məxluqlar qanunun imkanları daxilində ən yüksək şəkildə cəzalandırılmalıdırlar ki, bu digərlərinə də dərs olsun. Qanunda cəzalar var, amma görünür ki, adekvat deyil. Yəni vəziyyətlə uyğunlaşmır.  Bəziləri nə çəkinir, nə də ki qorxur.  Düşünürlər ki, qaçırılan qızın bəkarətini pozduqdan sonra məcbur olub barışıq əldə edəcəklər”.
Ekspert qız qaçırma və oğurluğunun tamamilə fərqli məsələ olduğunu qeyd edib:

“Qız qaçırma keçmiş dövrdən mövcud olub. Bu, 18 yaşı tamam olmuş qızın razılığı ilə baş verir. Sosial baxımdan normal haldır. Lakin razılıq olmadan nişanlı qızın qaçırılması ailə faciəsidir”.

Səbinə Elmanqızı