Qız övladı olanlara gözəl hədiyyə verilir

Ailənin nəşəsi daha da artır

Mehriban Zeynalova nazirliyin layihəsini müsbət qiymətləndirməklə yanaşı, problemin həlli üçün yetərsiz adlandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Tərtər rayonunda davam etdirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində rayonda yeni doğulmuş (bu ilin iyul ayında doğulan) qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutular təqdim olunub. Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması və qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir. 

Bundan əvvəl layihə ilkin mərhələdə Şamaxı, Tovuz, Masallı rayonlarını əhatə edib və həmin rayonlar üzrə 90 ailəyə qeyd edilən qutular təqdim edilib. Layihənin mərhələli olaraq digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.
  
Layihənin qız övladlarına gözəl hədiyyə olduğunu deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd edib ki, təbii ki, layihə təqdirəlayiqdir:

- Qız övladı ailənin nəşəsidir. Təəssüf ki, cəmiyyətimizdə qız övladlarına qarşı ayrı-seçkilik hələ də qalmaqdadır. Məlumdur ki, selektiv abortların böyük faizi məhz qız övladlarının dünyaya gəlişinin qarşısını almağa yönəlir. İlk övladı qız olan valideynlər ikinci uşağın “mütləq” oğlan olmasını istəyirlər. Çox zaman hətta ilk hamiləliyi də dölün qız cinsinə aid olması müəyyənləşdiyi üçün süni şəkildə sonlandıranlar olur. Bunun hansı ağır fəsadlara, sonsuzluğa səbəb olacağını da nəzərə almırlar. Dölün cinsinin əvvəlcədən valideynə bildirilməsi qadağan edilsə də, buna məhəl qoyan yoxdur. 

“Valideynin hüququdur”, deyib ultra səs müayinəsində həkimdən dölün cinsini bildirməsini təkid edirlər. Həkimləri də qınamaq olar, amma əsas tərəf valideynlərdir. Nə qədər ki, insanlarımız övladın, qız və ya oğlan fərq etmir, Allahın bəndəyə bir lütfü olduğunu anlayıb qəbul etməyəcək, bu problem həllini tapmayacaq. 

Əlbəttə, övladın cinsinə fərq qoymayan, qız övladını bağrına basanlar yetəri qədər var. Lakin bu da faktdır ki, selektiv abortların böyük faizi məhz qız uşaqlarının gəlişini dayandırmaq məqsədi daşıyır. Ailədə 2 oğlan uşağı olanlar heç bir narahatlıq keçirmir, hətta 3-cü oğlu dünyaya gələndə toy-bayram edirlər, amma ilki qız övladı olan, az qala qara bağlayır, 2-ci, 3-cü qız övladlarının dünyaya gəlməsini isə bəzi ailələr əsl fəlakət kimi qəbul edir. Cəmiyyətdə stereotiplərin, mövcud bəzi ehkamların dəyişməsinə çalışmalıyıq.

M.Zeynalova nazirliyin layihəsini müsbət adlandırmaqla yanaşı, problemin həlli üçün yetərsiz adlandırdı:

- Bu layihə anaları, ailələri sevindirmək, qız övladlarına önəm verildiyini göstərmək üçün müsbət yanaşmadır. Ümumi problemin həllində yetərlidirmi, xeyr. Bir dəfə ailəyə maddi köməklik göstərməklə qız övladlarının dünyaya gəlməsini təşviq etmək mümkün olan şey deyil. Ailələrə daimi sosial dəstək lazımdır. Xüsusən də aztəminatlı ailələrə. Belə ailələr var və onlar dövlətin dəstəyini daim hiss etməli, əyani şəkildə görməlidirlər. Bir qutuyla qız övladlarının sayının artacağını, onların dünyaya gəlməmiş məhv edilməsinin qarşısını alacağını düşünə bilmərik. Bunun üçün köklü həllər, kompleks yanaşmalar lazımdır. Ailələrlə aparılan söhbətlər, konkret həyat hekayələri misal göstərilməklə maarifləndirici tədbirlər, eyni zamanda ciddi sosial qayğı, maddi dəstək olmalıdır. Hamilələyin ilk mərhələsindən başlayaraq körpənin dünyaya gəlişi, heç olmasa körpənin 3 yaşınadək ailəyə sosial dəstək verilməsi, anaların ödənişli əsaslarla analıq məzuniyyətinin təmin edilməsi... bunlar hamısı kompleks şəkildə həyata keçirilməlidir. Hətta qız övladlarının təhsil almalarını təşviq etmək məqsədilə onlara pulsuz məktəb ləvazimatı da verilə bilər.