Tıxaclar dəmir yolu nəqliyyatına marağı artırıb

Sürət qatarları avtobusları əvəz etməyə başlayıb

Cəmiyyət olaraq kamilləşirik. Bizə xidmət göstərənin qədrini bilməyə başlamışıq, bu, yaxşıdır

  “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar 27 avqust tarixinə əlavə qatar reysləri təyin edib”. Eyni məzmunlu məlumatlara tez-tez rast gəlirik. Adətən, bu məlumatlar həftə sonlarına doğru verilir. Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sürət qatarına tələbat böyükdür və ADY da tələbatı nəzərə alaraq xəttə əlavə qatarlar daxil edir. Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hərəkət edən sürət qatarı Bakı Dəmiryol Vağzalından səhər saat 08:45-də yola düşür. Əlavə təyin edilən qatarlar isə bir qədər tez – 08:25-də. Əks istiqamətə 17:10-da Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşən qatar 22:15-də, saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır. Qatarlara tələbatın artması səbəbləri barədə danışacağıq. Öncə onu deməliyik ki, ADY xəttə buraxılan əlavə qatarlar barədə məlumat gec açıqlanır. Şənbə-bazar günlərində xəttə əlavə qatar buraxılıb-buraxılmayacağı haqda məlumatsız olan sərnişin həftə sonlarına səfər və ya səyahət planlaşdıra bilmir. Onlayn bilet sifariş etmək istəyən sərnişin “Bakı-Ağstafa-Bakı” sürət qatarına boş yerlərin olmaması məlumatı alır. Bununla da səfərə çıxmaq planı “suya düşür”. ADY iddia edə bilər ki, tələbat olduğu aydınlaşdıqda əlavə qatarların xəttə buraxılmasına qərar verilir. Amma yay mövsümündə, əlamətdar günlər, bayram tətillərində, eləcə də şənbə-bazar günləri sərnişin tələbatının artacağını təxmin etmək elə çətin olmamalıdır, fikrimizcə.
  
Daxili qatarlara tələbatın artdığı isə danılmazdır. Bunu statistik göstəricilər təsdiq edir. Ötən ilin statistikasına nəzər saldıqda məlum olur ki, 2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC 5 milyon 136 min sərnişin daşıyıb. Bu isə 2021-ci illə müqayisədə 84 faiz çoxdur. Bura həm şəhərdaxili, həm də ölkədaxili sərnişin daşımaları daxildir. Onu da nəzərə alaq ki, bu məlumat Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürət qatarı fəaliyyət göstərdiyi müddətdə idi. Məlumdur ki, bu qatarın marşrutu qısa zamanda Ağstafayadək uzandı və Şəmkir, Goranboy, Tovuz, Ağstafa, Qazağa səfər edənlər üçün əla imkan yarandı. Sürət qatarı ilə “yoldaş” olanlar ondan razıdır. Təmizdir, rahatdır, sürətlidir, kondisioner var, oturacaqlar da rahatdır, qatarın daxilində sular, müxtəlif şirələr, paketlənmiş quru qidalar satışdadır. Qatar bələdçiləri xanımlar da mehriban, üzügülərdir. Narazılıq yaradan sadəcə, qatarın, məhz sürət qatarı olduğu üçün stansiyalarda çox qısa müddətə dayanmasıdır ki, belədə sərnişinlərin biletlərini yoxlamaq uzun vaxt 5 dəqiqə aparır, qatarın yola düşəcəyindən ehtiyatlanan sərnişinlərsə biletin yoxlanışdan keçirilməsini gözləmədən vaqona “təpilirlər”. Bu məsələ də həllini tapa bilər. Bələdçilər qatar yola düşdükdən sonra sərnişinlərə yaxınlaşıb biletləri yoxlaya bilər. Biletsiz sərnişinlərə yəqin ki indiyədək çox az rast gəlinib, bəlkə də heç rast gəlinməyib. Qatarların hazırda ən rahat, sərfəli nəqliyyat növü olduğunu həm ondan istifadə edənlərin sayının durmadan artması, həm də rəsmi məlumatlar və müsbətə doğru dəyişən statistika da göstərir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin Təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov KİV-ə açıqlamasında son zamanlar qaytarlarda oğurluq və əmlaka ziyanvurma hallarının da azaldığını deyib. Deməli, cəmiyyət olaraq kamilləşirik. Bizə xidmət göstərənin qədrini bilməyə başlamışıq. Bu, yaxşıdır.

  Sərnişinlərin dəmir yollarından istifadəyə daha çox önəm verməsinin səbəblərinə gəlincə, nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, burada bir neçə səbəb var:
- Birincisi, əsas problem tıxaclardır. Hər gün hansı yollarda tıxac olduğu rəsmi şəkildə açıqlanır. Baxırsan ki, paytaxt üzrə avtomobillərin əsas hərəkət yollarında tıxaclar yaşanır. O cümlədən də Bakı-Sumqayıt magistral yolunda. Mərkəzdən “20 yanvar” dairəsinədək, oradan da şəhərətrafı bütün istiqamətlərdə - Sulutəpə, Xırdalan, Masazır, həmçinin də Sumqayıt şossesində avtomobillər, sərnişinlər saatlarla tıxacda qalır. Dəmir yolları bu baxımdan daha rahat yerüstü nəqliyyat vasitəsidir. Doğrudur, Bakı-Sumqayıt-Bakı qatarının intervalı ilə bağlı narazılıqlar olur, gecikmələr baş verir. Lakin yenə də saatlarla tıxacda qalmaqdansa, dəmir yolu ilə hərəkət daha münasibdir. Bu mənada "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatı həqiqəti əks etdirir. Ötən il daşınmış 5 milyon 136 min sərnişinin 5 milyon 8 mininin Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aid olması onu göstərir ki, dəmir yolu nəqliyyatına maraq da artıb, tələbat da. Bakı-Sumqayıt qatarı da Abşeron dairəvi dəmir yolu xəttinə aiddir. Tıxaclardan bezənlərin dəmir yolu nəqliyyatına üstünlük verməsi də tamamilə normaldır. İkinci səbəb isə sürət qatarlarının şəhərlərarası, bölgələrə gedən avtobusları çox gözəl əvəz etməsidir. Əlbəttə, sürət qatarı ilə səfər etmək avtobus səfərindən qat-qat rahatdır. Baxırsan ki, avtobus reyslərinin qiyməti ilə qatar biletlərinin qiyməti arasında az fərq var. Lakin sürət qatarı, təbii ki, daha rahat, sərfəlidir. Avtobusların nə zaman yola çıxacağı bəzən dəqiq bilinmir. Sərnişin yerləri dolmamış avtobus yerindən tərpənmir. Yolda da saxlayırlar, sərnişin mindirirlər. Sürət qatarında isə bu problemlər yoxdur. Biletdə qeyd edilən vaxtda yola düşür, qeyd edilən vaxtda da mənzil başına çatır. Fövqəladə bir hadisə baş verməsə, əlbəttə. Qatarlar daha təhlükəsizdir, nəinki avtobuslar. Xüsusən yollarda qəza şəratinin yaranmasını nəzərə alsaq. Son zamanlar sərnişin avtobuslarının iştirakı ilə nə qədər yol-nəqliyyat qəzaları qeydə alınıb. Odur ki, sərnişinlər dəmir yollarından istifadəyə üstünlük verir. Sərnişin tələbatı nəzərə alınaraq, hesab edirəm ki, bu istiqamətdə daha ciddi işlər görülməlidir. Dəmir yolları ilə hərəkətin intensivləşməsi daxili turizm üçün də müsbətdir. Yaxşı olar ki, təkcə Qəbələyə deyil, əhalimizin istirahət məkanı olaraq seçdiyi digər bölgələrə də qatarla səfərlər təşkil edilsin. Həmçinin, gecə saatlarında qatarların hərəkətinin bərpası da vacibdir. Bu da sərnişinlərin marağında olan məsələdir. Nə qədər ki, quru sərhədləri bağlıdır, sərnişinlər daxili turizmə, ölkədaxili səyahətlərə üstünlük verir. ADY bu fürsətdən yararlanmalıdır.
P.S. ADY elə etsin ki, gözümüz yollarda qalmasın.