Maşinist xanımın işdən azad edilməsi sosial şəbəkələrdə  “fırtına” qoparıb

Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə səsləndi

Gündəmdə yenə qadındır. Bakı Metropoliteni QSC-nin ilk xanım maşinisti Günay Həbibli. Amma fərqli məzmunda; ilk xanım maşinist vəzifəsindən azad edilib.

 “Bakı metropoliteni” QSC-nin məlumatında qeyd olunur ki, G.Həbiblinin işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Halbuki ona dəfələrlə xəbərdarlıq edilib, lakin buna baxmayaraq maşinist xanım təlimat qaydalarını pozaraq mobil telefonla danışıb. Maşinist təlimat qaydalarına uyğun vəzifə tələblərinə əməl etmədiyinə görə vəzifəsindən azad olunub. G. Həbibliyə metropolitendə başqa iş təklif ediib. Lakin o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutub. Qeyd edilir ki, G.Həbibli 2019-cu ildə Bakı Metropolitenində maşinist olaraq işə götürülüb. Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb.

Maşinist xanımın işdən azad edilməsi sosial şəbəkələrdə kiçik “fırtına” qoparıb. Maşinistin məhz xanım olması və işdən azad edilməsi xüsusi vurğu ilə paylaşılır. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu cür yanaşmanı doğru hesab etmir. “Sherg.az”a açıqlamasında M.Zeynalova Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə səslənərək qadınlarla bağlı “qışqıran başlıqların” sosial şəbəkələrdə yayılmasının qarşısını almağa çağırış etdi:

  - Mahiyyətcə zərərsiz görünür. Amma çox ciddi zərər verən başlıqdı."Bakı metrosunun ilk xanım maşinisti qovuldu", bəzi saytlar “işdən çıxarıldı”, yazıb. İl ərzində  neçə maşinist kişi  işdən çıxarılır və xəbərə çevrilmir. Nə üçün  qadının işdən çıxarılması xəbərə çevrilməlidir? Yeganə qadın maşinistdir, ona görə? Araşdırılsa kişi maşinistlər arasında da iş prosesində telefona baxanlar olduğu aydınlaşar. Qadın olduğu üçün niyə əks fikir formalaşmalıdır?!  Bununla nə demək sitəyirlər? Yəni, “Qadınlar bacarmadı?!” Subliminal mesajıdır bu! Sabah qadını bu tip işə götürməsinlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə səslənirəm ki, məlumatların bu şəkildə qabardılmasının qarşısı alınsın.  Belə başlıqlar diqqətdə saxlansın və davamlı monitorinqlər aparılsın. Maşinist qadındır deyə,  məsələ qabardılır. Bu doğru deyil.