Qız uşaqlarına sovqat verilir, oğlan uşaqlarınasa yox  - Sosioloq

Ortada yenə ayrı-seçkilik var

  “Məqsəd bəllidir; qız övladlarının dünyaya gəlişinin sevinclə qarşılandığını bildirməklə qız uşaqlarının doğulmasını təşviq etmək. Lakin hesab edirəm ki, burada yenə gender bərabərliyi pozulur, ayrı-seçkilik yaranır. Qız uşaqlarına sovqat verilir, oğlan uşaqlarınasa yox. Bunun özü ayrı-seçkiliyin bir formasıdır”. Bu fikirləri “Sherg.az"a açıqlamasında sosioloq Lalə Mehralı bildirib. L.Mehralı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi nə qədər müsbət çalarlar daşısa da, ortada yenə ayrı-seçkilik var: 
"Belə çıxır ki, nazirlik qız övladlarına dəyər verir, oğlan uşaqlarına yox?! ƏƏSMN-nin layihəsi müsbətdir, lakin işi elə görmək lazımdır ki, ayrı-seçkilik olmasın. Biz qız övladlarının dünyaya gəlməsinin qarşısının süni yolla alınmasına ona görə qarşıyıq ki, burada gender bərabərliyi pozulur, cinsi ayrı-seçkilik yaranır. İndi isə belə çıxır ki, nazirliyin özü ayrı-seçkiliyə şərait yaradır. Ailələrdə övladın dünyaya gəlməsi, istər qız oldu, istər oğlan, ümumiyyətlə çox müsbət, gələcəkdə demoqrafik problemin yaranmamasını əngəlləyəcək, xalqın, millətin sağlam gələcəyinə inam yaradan hadisədir. Ailələrdə övlad sayının çox olmasına çalışılmalıdır. Və bunun üçün də qalıcı tədbirlər, köklü, əsaslı layihələr icra olunmalıdır. Ailələrə sosial dəstək layihələri üzərində işlənməlidir və sosial paketlər təqdim olunmalıdır. Qız övladı dünyaya gəlmiş ailəyə sovqat qutusu aparmaq gender bərabərliyinin pozulması və aşkar ayrı-seçkilikdir. Balansı qorumaq lazımdır. Elə etmək lazımdır ki, ayrı-seçkilik yaranmasın". 
  Xatırladaq ki, ƏƏSMN-nin Sosial Dəstək Mərkəzi tərəfindən “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi davam edir. Bu dəfə Tərtər rayonunda yeni doğulmuş (bu ilin iyul ayında doğulan) qız uşaqları olan 30 ailəyə layihə çərçivəsində içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutular təqdim olunub. Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması və qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir. Bundan əvvəl layihə ilkin mərhələdə Şamaxı, Tovuz, Masallı rayonlarını əhatə edib və həmin rayonlar üzrə 90 ailəyə qeyd edilən qutular təqdim edilib. Layihənin mərhələli olaraq digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.