Təlimlərdə iştirak taksi sürücülərinə lazımdır, gərəklidir

Sertifikatı olmayan sürücü taksi xidməti ilə məşğul ola bilməyəcək, ona icazə kartı verilməyəcək 

Ölkədə taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA-nın Təlim-Tədris Mərkəzində sürücülər üçün təlimlərin keçirilməsinə başlanılıb. Məlumatda bildirilir ki, yeni qaydalara əsasən, sürücülərin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələri yolverilməzdir. 

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. 

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksəkixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir. İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır.

 Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. 

Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur. Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilər.

Təlimlərin zəruriliyi barədə “Sherg.az”a “Digesta” Hüquq Mərkəzinin rəhbəri, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd etdi ki, taksi sürücülərinin təlimlərdə iştirakı qanunla nəzərdə tutulur: 

- Bu qanun çoxdan qəbul olunub, icrası da mütləqdir. Taksi sürücülərinə təlim keçmək lazımdır. Burada mənfi bir hal yoxdur. Taksi sürücüləri sərnişinlə davranış qaydalarını, sərnişin daşınmasındakı mövcud normativ-hüquqi aktları bilməlidirlər.  Uzun müddətdir taksi xidməti ilə bağlı yaranan narazılıqlar çox zaman bundan qaynaqlanır ki, sürücülər bu qaydaları bilmir və qaydalar xaricində davranırlar. Taksi sürücülüyü fəaliyyəti ilə peşəkar məşğul olmaq istəyən gərək bu təlimlərə qatılsın. Təlimlərdə iştirak etməyən və təlimlərdə iştiraka dair sertifikatı olmayan sürücü taksi xidməti ilə məşğul ola bilməyəcək, ona icazə kartı verilməyəcək. Təlimlərdə iştirak taksi sürücülərinə lazımdır, gərəklidir. Burada çətin bir iş yoxdur. Təlimlərdə iştirak etsinlər, lazımi məlumatlar əldə etsinlər, sertifikat alıb rahat bir şəkildə taksi sürücü fəaliyyətlərini davam etdirsinlər. 
  
Təlimlərin ödənişli olmasına gəlincə isə Ə.Hüseynov “ödənişsiz olsaydı, daha yaxşı olardı. Amma bu məsələ də AYNA-nın daxili imkanlarına baxır. Biz bilmirik, onların ödənişsiz təlimlər keçirmək üçün maliyyə  imkanları hansı dərəcədədir”, söylədi.