Mərkəz gözəl, ətraf küçələr natəmizdir

Eldar Əzizov gərək paytaxtın kənar küçələrini də gəzsin

“Hər dəfə təxminən eyni küçələrin asfalt örtüyü təzələnir, eyni məhəllələr, eyni parklar abadlaşdırılır. Paytaxtın mərkəzdən kənar məhəllələri yenə əvvəlki kimi asfaltsız, natəmiz vəziyyətdə qalır”
  
Bu gün paytaxtda daxili iməclik keçiriləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrdə sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirədə məlumat verib. Əlbəttə ki, bu, paytaxt merinin çıxışının sonuncu akkordlarıdır. Əvvəlcə isə mer çatışmazlıqlardan danışıb. Xüsusən də Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğundan. BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərin hesabatı dinlənilib və hazırlanan video-film nümayiş etdirilib. Verilən məlumatda qeyd olunur ki, müşavirə ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçib. Müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb.

 Bir neçə məmura xəbərdarlıq da edilib (Qaradağ RİH başçısının müavini Nadir Muradov, Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə). Bir neçəsinin də - əsasən qəsəbə nümayəndələri, tutduqları vəzifəyə uyğun olub-olmamasının yoxlanması tapşırılıb. Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanılması və nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilib.
 
 BŞİH-də belə müşavirələr xarakterikdir. Payız, qış, yayqabağı paytaxt meri müşavirə keçirib, tapşırıqlar verir, hətta məmurları cəzalandırır da. Amma şəhərimizdə nə dəyişir? Məsələ budu. “Söz vaxtına çəkər”, yoxsa, “yeri gəlmişkən”mi deyim, bu gün (dünən) səhər yol kənarındakı ağaclığın altında, əlbəttə ki, dincəlmək üçün əyləşmiş Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2 xanım xadiməsini gördüm və onlara yaxınlaşdım. Məqsədim sualıma cavab almaq idi, aldım da. Soruşdum ki, ay zəhmətkeş xanımlar, məhəllədaxili küçələrin təmizliyinə də cavabdehsinizmi? Xanımlar qəti surətdə “xeyr”, dedilər: “Biz ancaq yol kənarlarını süpürürük. Harda bina varsa, oraları təmizləyirik. Həyət evləri olan ərazilər, məhəllələr bizlik deyil”. Hansı cavabı alacağımı zatən təxmin etmişdim, sadəcə, dəqiqlik olsun, istədim. Yaxşı, bəs məhəllədaxili küçələr, “sənədsiz evlərin” olduğu ərazilər Bakıya aid deyilmi? Aid deyilsə, əlinə bir mismar alıb divara çalmaq istəyənin başını üstünü icra hakimiyyəti, sahə müvəkkili, MKTB, qəsəbə nümayəndəsi, bələdiyyə niyə həmən kəsdirir? Tikmək olmaz, təmir olmaz. Amma kanalizasiyasız yaşamaq “olar”. Zibilliyin əhatəsində qalmaq “olar”. Sahibsiz itlərin qorxusundan hava qaralan kimi evə tıxanmaq da “olar”. Sabiq mer Hacıbala Abutalıbov mer təyin olunandan sonra ilk vaxtlar müşavirələri KİV nümayəndələrinin iştirakı ilə keçirirdi. Biz də imkan, fürsət tapıb 1-2 sual verə bilirdik. Nəticədə bəzi problem işıqlanmış olurdu, həllini tapan da olurdu, tapmayan da. Ancaq sözümüzü deyə bilirdik, yenə. Eldar Əzizov isə KİV-i həndəvərinə buraxmır. Müşavirədə də özü danışır, əyləşənlər qulaq asır. Sonra da durub işlərinin ardınca gedirlər. İş də nədən ibarətdir, merin tapşırıqlarını icra etməkdən yox, çox güman ki, onları gözləyən pullu obyektlərə baş çəkməkdən və ya “xüsusi nümayəndəni” göndərməkdən. Çünki əksi olsaydı, şəhərdə hansısa dəyişikliyi görərdik. Amma dəyişən bir şey olmur. Yenə də mərkəz abadlaşır, kənarlar bərbadlaşır.

  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında müşavirədə qaldırılan məsələlərin həllindən danışdı:

 - Əvvəla, onu deyim ki, ümumşəhər daxili iməciliyi bütün Bakını və şəhərətrafı qəsəbələri əhatə etməlidir:
- Bu, ümumşəhər daxili iməciliyidirsə, bu, bütün şəhəri əhatə etməlidir. Yalnız mərkəzi hissələri, konkret hansısa əraziləri deyil. Şəhərdə hərəkət edərkən bir çoxumuz küçələrdə, metrostansiyaların qarşısında natəmizliyin şahidi oluruq. Kənar məhəllələrə, qəsəbələrə də ciddi diqqət yetirilmir. Belə olmamalıdır. Paytaxt şəhər kimi Bakının hər küçəsi, hər məhəlləsi tər-təmiz olmalıdır. Ölkəmizə gələn turistlər, Bakının qonaqları təkcə İçərişəhəri, Fəvvarələr meydanını, bulvarı... gəzmir. Turistə deyə bilməzsən ki, bura getmə, ora get. İstədiyi yerə gedəcək. Şəhərin hansısa yerində yığın-yığın qalanmış zibilləri görən əcnəbi haqqımızda nə düşünər?! Əcnəbiləri bir kənara qoyaq, təmizlik ilk növbədə özümüzə lazımdır. Hər dəfə təxminən eyni küçələrin asfalt örtüyü təzələnir, eyni məhəllələr, eyni parklar abadlaşdırılır. Paytaxtın mərkəzdən kənar məhəllələri yenə əvvəlki kimi asfaltsız, natəmiz vəziyyətdə qalır. Mərkəzi küçələr abadlaşır, kənar küçələr olduğu kimi qalır. Belə çıxır ki, BŞİH kənar məhəllələrin, qəsəbə yollarının abadlaşmasına zərurət görmür. Bakının problemləri çoxdur. İctimai nəqliyyatdan tutmuş, tıxaclara və binaların zirzəmilərinə qədər. Amma nə görürük, binaların fasadı rənglənir, ağaclara əhəng çəkilir, dövlət strukturlarının inzibati binaları, binaların önü abadlaşır, gül-çiçəyə bürünür. Bununla da iş bitir. Hər inzibati rayonun illik büdcəsi var. Hər inzibati rayonda il ərzində görülməsi vacib işlər müəyyənləşməlidir və bu işlərin icrası aparılmalıdır. Bunun üçün də hər bir məmur vəzifəsinə vicdanla yanaşmalıdır. Hər inzibati rayonun icra orqanı öz ərazisində hansı işlərin görülməli olduğunu, sakinlərin nədən narazı qaldığını bilməlidir. Təəssüf ki, belə deyil.
  Bakıətrafı qəsəbələrdə məhəllələrin, məhəllələrarası küçələrin təmizliyinin vacibliyini vurğulayan V.Tofiqli şəhər meriyasının bu məsələlərə diqqət yetirməli olduğunu dedi:
- MKTB əməkdaşlarının sayına, büdcəsinə görə hərəkət edir. Onları dindirəndə deyirlər ki, bizim bu qədər işçimiz var, onlar da göstərişə uyğun olaraq yalnız mərkəzi hissələri, yol kənarlarını təmizləyirlər. Əlavə işçi götürmək imkanı yoxdur. MKTB-nin ştat cədvəli artırılmalı, büdcələri də artmalıdır ki, xadimələrin, təmizliklə məşğul olacaq fəhlələrin sayı artsın və kənar məhəllələrdə işləyə biləcək əməkdaşlar olsun. Problem həm də buna görə həllini tapmır.

  V.Tofiqli qeyd etdi ki, yerli bələdiyyələr bu işdə fəal olmalıdır: - Ərazi üzrə bələdiyyələr harada daha artıq təmizliyə, abadlığa ehtiyac var, bilir. Və bilməlidir. İməcilikdə iştirak edən qüvvələr də bu ərazilərə daha çox cəlb edilməlidir. Şəhərin mərkəzi hissələri onsuz da təmizdir, abaddır. Hər gün, gün ərzində bir neçə dəfə küçələr təmizlənir, abadlığa diqqət edilir. Əsas problem şəhərətrafı qəsəbələr, kənar məhəllələrdir. Onların təmizliyinə ciddi ehtiyac var.