Azərbaycanın milyonçuları gözə dəymir...

Nə sirdisə, biz adı varlılar sıyahısında hətta ilk onluqda olanların da hər hansı xeyriyyəçilik əməlindən xəbər tutmuruq

“Qazanılan pullar da şəffaf olmalı, xərclənən vəsait də. O zaman xeyriyyəçilik də dirçələr, cəmiyyətdə balans da qorunar” 

  
Sentyabrın 5-i dünyanın çox ölkələrində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilir. Xeyriyyəçilik Günü  barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında çıxarılıb. 1997-ci il sentyabrın 5-də dünyada xeyriyyəçiliyi ilə məşhurlaşmış Tereza Ana 1997-ci ilin 5 sentyabrında vəfat edib və BMT Baş Assambleyası da həmin tarixi Beynəlxalq Xeyriyyəçilik Günü olaraq qərar verib.  Tereza Ananın xeyriyyəçiliyi barədə danışmaq fikrində deyilik. Özümüzün xeyiryyəçiləri kifayət qədərdir. Lakin təəssüf ki, milli xeyriyyəçilərmiz haqqında keçmiş zamanda danışmaq məcburiyyətindəyik.  Çünki müasir dövrümüzdə kimin nə işlə, hansı xeyriyyəçiliklə məşğul olduğunu bilmirik. Bu barədə məlumatlar çox kasaddır. Bir çoxları hansısa xeyirxah əmələ imza atsalar da, bunun ictimailəşməsini istəmirlər. 

 “Sağ əlin verdiyini sol əl bilməməlidir”, prinsipinə bağlılıqdan daha çox, “dövləti-ali nə qədər qazanırıq bilməsin”, təlaşı desək, yəqin daha doğru olar. Yenə də təəssüf ki, vergidən yayınma, gəlirlərin gizlədilməsi, “qara mühasibatlıq” gerçəyi mövcuddur. Dövlətlə işimiz yoxdur. Dövlət üzərinə düşəni edir. Müxtəlif fondlar var, onların sayəsində müəyyən kateqoriyadan olan insanlara yardımlar edilir, hansısa təbəqənin ehtiyacları qarşılanır. İncəsənətə, mədəniyyətə hamilik göstərilir. Təmir edilən, abadlaşan tarixi abidələr, tikilən ictimai obyektlər var. Amma sirr deyil ki, cəmiyyətdə xeyiriyyəçilik ənənələrinin yaşadılması vacibdir. Xeyriyyəçilik dövlətlə çiyin-çiyinə verməkdir. Dövlətə dayaq verən insanlarımız – xeyriyyəçilər hanı bəs? 
  
Keçmişə baxdıqda xeyriyyəçiliyin ən bariz nümunələrini görə bilirik. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi 1872-ci ildə Bakıda “Cəmiyyəti-xeyriyyə”ni təşkil edib. Azərbaycanın şəhər və kəndlərini gəzərək imkanlı şəxsləri  cəmiyyətə üzv olmağa təşviq edib. Və beləliklə də yardıma ehtiyacı olanlara dəstək verilib. Azərbaycan milyonçuları – Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, İsa bəy Hacınski, Hacı Şıxəli Dadaşov, Aşurbəyovlar, Şəmsi Əsədullayev və adını çəkmədiyimiz neçə-neçə varlı, imkanlı şəxslərin adının qarşısına ilk növbədə messenat – xeyriyyəçi ismi yazılır. Bu şəxslərin hamısı həm də məktəb açmaq (oğlanlar, qızlar məktəbi), təhsilə yardım etmək, tələbələrin təqaüdünü qarşılamaq, imkansız uşaqları oxutmaq, onlara təhsil verməklə, milli mətbuatımızı dəstəkləməklə, xəstəxana, məscid, teatr binası tikmək, şəhəri abadlaşdırmaq, Bakıya çəkilən su kəmərinin xərcini qarşılamaqla, hətta aclıqdan, təbii fəlakətlərdən əziyyət çəkən ölkələrə yardım etməklə adlarını tarixə yazıblar.
  
Hazırkı milyonçular nə edir? Nə sirdisə, biz adı varlılar sıyahısında hətta ilk 10-da olanların da hər hansı xeyriyyəçilik əməlindən xəbər tutmuruq. Səbəb nədir?  Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında bir neçə səbəb olduğunu bildirdi:  

- Hazırda elə mürəkkəb cəmiyyətdə yaşayırıq ki, bir deyil, bir neçə səbəb axtarmalıyıq.  Bəli, ölkəmizdə xeyriyyəçilik ənənələri güclü olub. Burjua Bakısında milyonçuların qazancı aşkar idi. Kim nə qədər varidatı, pulu, malı var, bilinirdi. Onların gizlinləri yox idi, sərvətlərini gizlətmirdilər. Çünki o sərvəti öz əməkləri, zəhmətləri hesabına əldə etmişdilər. Həm də o insanların mənəviyyyatı da zəngin idi. Yüksək insani keyfiyyətlərə, kamil xarakterə malik idilər. İslam faktoru da güclü rol oynayırdı. İslamda qazancın müəyyən hissəsinin ehtiyaclı insanlara paylanması qaydası var və bu şəxslər də dini qanunlara riayət edirdilər. Ona görə də cəmiyyətdə xeyriyyəçilik üstün idi, getdikcə də genişlənirdi.
 
O zamanın varlı şəxsləri “kim daha çox xeyriyyəçilik edər”, yarışına çıxmışdılar, indiki bəzi varlılar kimi “kimin daha çox villası, xarici ölkələrdə mülkü var”, yarışına yox.  Hazırda imkanlı şəxslər xeyriyyəçilik etməyə çəkinirlər. Şəxsən tanıdığım bir adamdan xahiş etmişəm xeyiryyəçiliklə bağlı, deyib ki, Əhməd müəllim, edərəm, baş üstə, ancaq sabah 1-2 təşkilatdan gələcəklər ki “qardaş, deyəsən, pulun çoxdu, bizə də ver”. Xeyriyyəçilik etmək istəyən də nədənsə qorxur, çəkinir. Səbəblərdən biri də budur ki, insanların xeyriyyə cəmiyyətlərinə inamı itib. Bəzi cəmiyyətlər, fondlar zamanında fırıldaqla məşğul oldular, toplanan ianələr aidiyyəti üzrə xərclənmədi, ona görə də insanlarda inamsızlıq var ki, harada ianə etsəm, pul keçirsəm, görəsən ünvanına çatacaqmı, aidiyyəti üzrə xərclənəcəkmi. Bu məsələlərdə şəffaflıq başlıca amildir. Qazanılan pullar da şəffaf olmalı, xərclənən vəsait də. O zaman xeyriyyəçilik də dirçələr, cəmiyyətdə balans qorunar.