Jurnalist Esmira Namiqqızı: Şəhəri zibilliyənlər cavab verməlidir

Sosial media hesabından paylaşdığı  ictimai qınaq videosu ilə çoxlu bəyəni qazanan jurnalist Esmira Namiqqızı hadisənin təfərrüatları barədə “Sherg.az” a danışıb:
“Dəfələrlə bu cür hallarla rastlaşmışam. İrad bildirdiyim də olub, vaxtında müdaxilə edə bilmədiyim də. Bu şəhər bizim evimizdir. Onun təmizliyi, səliqə-sahmanı bizi narahat etməlidir. Ona görə də küçəyə zibil atan adam görəndə iradımı birbaşa özünə deyirəm. Bu dəfə də elə oldu. Şərifzadə küçəsi ilə gedirdim. Yanacaq doldurma məntəqəsi kənarında dayanan yük maşınından küçəyə siqaret qutusunun atıldığını gördüm. Maşının yanından keçəndə dözməyib sürücüyə müraciət etdim. Təxminən aramızda belə dialoq oldu: 
“Salam. Qardaş, siqaret qutusunu niyə küçəyə, yerə atırsınız? 
- Salam. Hara atmalıyam ki, göyə? 
-Xeyr. Zibil qutusuna. Yaxınlıqda hətta iri zibil yeşikləri var. Və ya yanacaq doldurma məntəqəsinə yaxınlaşın, orda da var. Axı küçəni təmizləyən qadınlar yazıqdırlar.
 -Mən zibil atmasam, onlar nəyi yığışdıracaq bəs? 
-Bu qadınlardan kimsə sizə məhrəm, ailə üzvünüz də ola bilər. Onların yığışdıracağı o qədər şey var ki. Zəhmət olmasa, düşün, qutunu yerdən götürün.
 -Sənin işin-gücün qurtarıb? Get işinlə məşğul ol də. Səhər tezdən adamın qanını nə qaraldırsan?
 Sonrasını videoya çəkəsi oldum”. 
Jurnalist aldığı məlumata görə həmin şəxsə qarşı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə protokol yazıldığını söyləyib: 
 “Nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması” bəndinə əsasən. Bildiyim qədərincə bunun cəriməsi 40 manat təşkil edir. Cəriməni ödəyər, bir də belə səhv etməz. Bu hadisədən 3-4 ay əvvəl başqa bir hadisəyə də etirazımı bildirib “pis adam” olmuşdum. Məhləarası parkın qarşısındakı 5 mərtəbəli binanın 2-ci mərtəbəsində eyvana çıxan hardasa yaşı 50-55 olan bir qadın tozsoranın torbasını küşəyə çırpmağa başladı. Bunu görüncə şok yaşadım. Torbadakı zibil, toz hamısı küçəyə, səkiyə və avtomobil yoluna tökülürdü. Aşağıdan etiraz etməyə başladım. Guya telefona çəkirmiş kimi edib qadını qorxutmağa çalışdım. Rəfiqəm də yanımda idi. Əvəllicə səs-küy saldıq. Parkda olan adamlar da qınayıcı nəzərlə o eyvana baxdılar. Yəni bir qadın əlindəki zibili camaatın başına atmağı bacarırsa, ona qadın deməyə dilim gəlmir. Bu cür adamlar bina evlərində birgəyaşayış, qonşuya hörmət kimi dəyərlərdən uzaqdırlar”. 
E.Namiqqızı şəhərin təmizliyini qorumaq məsuliyyətinin, cavabdehliyinin təkcə təmizləyicilərin, icra hakimiyyətlərinin, polis əməkdaşlarının üzərinə düşməməli olduğunu vurğulayıb:
“Bizim də vətəndaşlıq borcumuz var. Bir-birimizi tərbiyə etməyi bacarmalıyıq. Malayziyada küçəyə tüpürməyin cəriməsi 500 dollardır. Bəlkə bizdə də bunu tətbiq edək? Küçəyə tüpürən kəs bir dəfə 80-100 manat cərimə ödəyəsi olsa, bu iyrənc vərdişindən əl çəkər. Həmyerlilərimi isə hamılıqla bu məsələləri qınamağa, bununla da kifayətlənməyib ictimailəşdirməyə çağırıram. Əlimdə resurs olsaydı, “şəhərin təmizliyini daha yaxşı qoruyan vətəndaş” mükafatı təsis edib bu cür təşfiq edərdim. Şəhərimizi bir yerdə qoruyaq!”