Azərbaycan sevdalı Qənirə Paşayevanın ömür yolu

Ömrünü Azərbaycan Respublikasının müstəqilliyi və inkişafına həsr etmiş Qənirə xanım Paşayeva ictimai həyata, media və siyasət səhnəsinə addım atdığı ilk gündən seçilir, fərqlənirdi. O, səmimiyyəti, xalqa daha yaxın olması, topluma sevgi aşılaması və öz gözəl gülüşü ilə siyasi arenaya rəng qatdı. Bu zərif qadın çətinliklər qarşısında təbəssümü ilə zəfər çaldı.
Paşayeva Qənirə Ələsgər qızı 1975-ci il mart ayının 7-si Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahib bu xanım şair, yazar, maarifçi və kitab təbliğatçısı kimi tanınıb, sevilib.
Q.Paşayeva 28 sentyabr 2023-cü ildə aramızdan ayrıldı. 48 illik qısa bir ömrə çox böyük fəaliyyət istiqamətlərini sığışdırdı. Azərbaycan tarixində və xalqın qəlbində silinməyəcək izlər buraxdı. Onun arxada qoyduğu boşluq sadəcə siyasi sahədə deyil, cəmiyyətin  ayrı-ayrı sahələrində, həm də qəlblərdə hiss olunur. 
Qənirə xanımın əmək fəaliyyəti kifayət qədər  maraqlı faktlarla zəngindir. 1998-ci ildə ANS televiziya şirkətinin xəbərlər xidmətində repertyor kimi əmək fəaliyyətinə başlayan bu cəfakeş xanım sonralar bütün işlərdə olduğu kimi jurnalistikada da çox uğurlara imza atdı. O, öz bilik və bacarıqları sayəsində həm karyera pillələrini sürətlə addımlayır, həm də saflığı, təmizliyi və mərdliyi ilə hər kəs tərəfindən sevilirdi. Təsadüfi deyil ki, Ümummilli Liderimiz Heydər Əliyev Qənirə xanımın jurnalist kimi çalışdığı vaxtlarda onun haqqında “çox məharətli jurnalistlərimizdəndir” ifadəsini işlətmişdi. Bu sözlər sanki Qənirə xanıma əlavə bir stimul verdi və gələcəkdə eyniylə sözü işlədən dahi şəxsiyyətimiz Heydər Əliyev kimi yaşamını Azərbaycanın inkişafına həsr edəcəyini müjdələdi. 

Qənirə xanımın jurnalistlik zamanlarındakı fəaliyyəti ilə yaxından tanış olan Mətbuat Şurasının sədri Rəşad Məcid o illəri xatırlayarkən "Sherg.az"a bildirib ki, bəzən Qənirə xanımın jurnalistlik fəaliyyətinin hər kəs tərəfindən bilindiyi hissinə qapılır. Amma sonra gənc nəslin onun reportyorluq dövrünü görmədiyi yadına düşür:

“Qənirə xanımın jurnalist kimi fəaliyyəti o qədər parlaq idi ki, indi də gözümün önündə canlanır. Dil-dil ötən, kəskin suallar verən jurnalist Q.Paşayeva sosial verilişləri, siyasi təhlili, süjetləri bir əfsanəyə çevrilmişdi. Hətta bəzi tamaşalarda Qənirə xanımın çalışqan jurnalist obrazını yaratmağa çalışırdılar. O, həmin dövrlər ANS-in əsas simalarından birinə çevrilmişdi. Gur və həyəcanlı səsi, heç kəsin toxunmadığı mövzulara toxunması, media tərəfindən əlçatmaz sayılan şəxslərdən götürdüyü müsahibələr  peşəkarlığın göstəricisi idi. Hətta Qənirə xanımın jurnalist fəaliyyəti dövründə bir neçə həmkarımızla birlikdə Strassburqa, Avropa Şurasının qərargahına getmişdik. Orada da Qənirə xanım jurnalist kimi müsahibələr almaqda hər kəsdən operativ idi. Onun gələcək millət vəkili təməlləri məhz jurnalist fəaliyyəti dövründə qoyulmuşdu.  O zamanlardan Qənirə xanımın vətənpərvər mövqeyi sezilirdi. Sonrakı fəaliyyəti dövründə də biz birlikdə bir çox səfərlərdə olmuşduq. Mən onun Türkiyədə necə sevildiyinin də şahidi olmuşam. Amma jurnalist faəliyyəti və obrazı unudulmazdır”.

Televiziyada jurnalist kimi müstəqil fəaliyyəti, auditoriya tərəfindən sevilməsi onun gələcək taleyinə təsirsiz ötüşməyib. Q.Paşayeva 2005-ci ildən Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmağa başlayıb.
Qənirə xanım daha sonra 2005-ci ildən başlayaraq ard-arda 4 dəfə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib. Millətinə dərin məhəbbət hissi ilə bağlı olan Qənirə xanım doğulduğu və deputat seçildiyi Tovuz rayonunun problemlərini, əhalinin istək və arzularını ictimailəşdirib və seçiciləri üçün əlindən gələni əsirgəməyib. 

Azərbaycan Film Fondunun şöbə müdiri Rəşad Qasımov isə deyir ki, tez-tez Qənirə xanımın məzarını ziyarət edir: 

"Bir neçə gün əvvəl səhər saatlarında yenidən Qənirə xanımın qəbrini ziyarət etməyə getdim, onun məzarı başında ana və əlil övladı dayanmışdı. Kənardan həm ananın, həm də qızının ən yaxınını itirmiş kimi ağladıqlarının şahidi oldum. Bir neçə dəqiqə dayandım. Xanım özü söhbətə başlayaraq bildirdi ki, qızını uzun illərdir Qənirə xanım himayəsinə götürüb. O qızın müalicə xərclərini qarşılayıb və daim onlara kömək edib. İndi bu köməkdən məhrumdular”.
Qənirə xanım üçün Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda canından keçən şəhidlər və onlardan geriyə əmanət olaraq qalan ailələri xüsusi önəm daşıyırdı. Onun bəlkə də ən həssas olduğu mövzu da bu idi. 
2020-ci ildə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda  gedən döyüşlərdə şəhadət zirvəsinə yüksələn Seymur Hüseyn oğlu Mehdiyev ailəsi də Qənirə xanımın daim diqqətdə saxladığı ailələrdəndir".

Tovuz rayon sakini, şəhid atası Hüseyn Mehdiyev deyir ki, Qənirə xanımın vəfatı biz tovuzlular üçün çox ağır itkdir: 

"Sanki öz ailəmizdən birini itirmiş kimi hiss edirik. Qənirə xanımın diqqət və qayğısı üzərimizdən heç zaman əskik olmurdu. Onun şəhid ailələrinə qarşı çox həssaslığı var idi. Hər zaman özünü bizlərə qarşı borclu kimi hiss edirdi. Etdiyi hər hansı bir şey qarşılığında təşəkkür etmək istəyən zaman isə deyirdi: "Siz mənə yox, mən sizə təşəkkür etməliyəm ki, Seymur kimi bir oğul yetişdirmisiniz. Biz  müstəqilliyimizi Seymur kimi Vətəni uğrunda canından keçmişlərə borcluyuq". Onun haqqında nə demək olar axı? Çox razı idik, çox. Elə bir bayram, özəl gün yox idi ki, bizləri yada salmasın. Qənirə xanım tovuzluların qəlbində daim yaşayacaq". 

Qənirə xanımın vəfatı yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ağır itkidir. Bu qədər sevilməsinin əsas səbəbi onun Türk dünyasına olan mənfəətsiz sevgisi idi. 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM)-nin  koordinatoru və icraçı katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin Qənirə xanımla Türk dünyasının müxtəlif bölgələrinə səfərlərdə olub, yaddaşında xeyli maraq doğuran hadisələr qalıb:

 “Hər səfərində bütün Türk dünyasını əhatə etməyə çalışır, fasiləsiz işləyirdi. Hər kəsə çox can yandırırdı. Qənirə xanım türk xalqlarının tarixi, mədəniyyəti, yaşam tərzi ilə bağlı çox məlumatlı idi. Onun həyatdan belə tez, erkən ayrılmasını, ölümünü hələ də anlaya bilmirəm”.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçi deyir ki, Qənirə xanım sözlərlə ifadə edilə bilməyəcək dərəcədə böyük bir şəxsiyyət idi: 

"O, cəsur, vətənpərvər, Türk dünyasını daim müdafiə edən örnək bir xanım idi. Onunla bir neçə dəfə tədbirlərdə  bir araya gəlmişik. Çox möhtəşəm xarakterə sahib, sadə insan idi. Türk dünyasının qəlbində daim yaşayacaq böyük bir Asena, ana Bozqurd idi. Qənirə xanımı heç zaman unutmayacağıq”.   

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu bildirib ki, Qənirə xanım türk dünyasının sayılıb-seçilən bir övladı idi:

“Hətta o, türk dünyasında yaradıla biləcək ortaq nazirlikdə nazir ola biləcək səviyyədə insan idi. Qənirə Paşayeva bizim İstanbul Türkiyə-Azərbaycan dərnəyi olaraq təşkil etdiyimiz Qarabağla bağlı tədbirlərimizin əksəriyyətində iştirak edirdi. Qənirə xanım xüsusilə İstanbulda çox sevilirdi. Türk dünyasının başı sağ olsun”.

İndi Qənirə xanımın böyük əmək və xidmət dolu həyatının ardında qaranlıq bir sükut var. Ölümü ilə birlikdə xalqına  göstərdiyi qayğı daha çox gün işığına çıxıb. Xatirələrdə hələ də yaşayan Qənirə xanım Paşayevaya Allahdan rəhmət diləyirik.