Deputat: Ezamiyyə xərcləri kifayət qədər aşağıdır

Qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var

 
 "Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir. Belə ki, ölkəmizdə son 5 ildə ezamiyyə xərcləri artırılmayıb". 
Bu barədə "Sherg.az"a millət vəkili Vüqar Bayramov deyib.
 Deputat bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən, 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub: 
"Ötən illərdə illik inflyasiya səviyyəsini nəzərə alsaq, bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz. Aydındır ki, 1 günlük hotel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir. Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər də kifayət qədər aşağıdır. O tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Daxildə olduğu kimi xarici səfərlər zamanı müəyyənləşdirilən tariflər uzun müddətdir ki, dəyişdirilmir".
 
 Parlament üzvü vurğulayıb ki, hətta son 2 ildəki yüksək inflyasiya nəzərə alınsa, bu tariflərin real xərclərdən uzaq olduğunu müəyyənləşdirmək çətin olmaz:
 "Bu kontekstdən, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur. Ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsinin yenidən gündəmə gətirilməsi və yeni tariflərin müəyyənləşdirilməsi çox vacibdir".