Paşinyanın çirkin niyyəti: Ermənistan əsir Hüseynə ömürlük həbs cəzası oxudu

Bu, Paşinyanın gələcək üçün planlaşdırılan çirkin niyyətlərdən xəbər verir

  Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib. Xatırladaq ki, 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
  
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Sherg.az"a bildirib ki, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilməsi "ədalət mühakimə institutu"nun siyasiləşməsi və şou xarakteri daşımasıdır. Hüquq müdafiəçisi deyib ki, Hüseyn Axundova əvvəl verilən 20 illik cəzanın özü də ədalətsiz qərar idi: 

"Baş nazir Nikol Paşinyan çıxışlarında əsir götürülən şəxslərin mübadiləsindən söz açırdı. Çünki Azərbaycanda hazırda həbsdə olan terrorçular var. Keçmiş qondarma rejimin "rəhbərlərini" nəzərdə tutmuram, müharibədən sonrakı dövrdə müəyyən vaxtlarda həbs edilən erməni terrorçulardan, diversantlardan danışıram. Ermənistan rəhbərliyi onların qarşılıqlı dəyişdirilməsini istəyir. Bakıda digər terrorçuların və separatçıların məhkəməsi davam etdiyi müddətdə, guya, "zərərçəkənin" şikayəti əsasında Ermənistanın Apellyasiya Cinayət Məhkəməsinin 20 illik cəzanı ömürlük həbslə əvəzləməsi gələcək üçün planlaşdırılan çirkin niyyətlərdən xəbər verir. Bu qədər cılız hərəkətlərə baş vuran Ermənistan siyasi hakimiyyətinin sülhlə bağlı danışıqları da səmimi ola bilməz". 
  
Ç.Qənizadə əlavə edib ki, görünür, İrəvanın məqsədi vaxtı mümkün qədər uzatmaq və kənardan aldıqları təlimatları icra etməkdir:
 "Çox təəssüf edirəm ki, Ermənistan gənc və günahsız əsgərimizə qarşı bu cür addım atdı. Amma bu o demək deyil ki, Hüseyn Axundov və Aqşin Bəbirov daim Ermənistanda qalacaq. Gec-tez onların Azərbaycandakı ermənilərlə dəyişdirilməsini istəyəcəklər. Hesab edirəm ki, dövlətimiz hər bir vətəndaşımızın təhlükəsizliyi naminə bu addımı ata bilər. Bunu zaman göstərəcək. Ancaq Ermənistandakı siyasi şou xarakterli məhkəmə onların "ədalət mühakiməsi"nin iç üzünü açmış oldu. Bir daha məlum oldu ki, Ermənistanda hər sahə, o cümlədən məhkəmə sistemi də rejimin əlində siyasi alətə çevrilib".