Faiq Ələkbərliyə görə, məqsəd bölgədə kürdləri, erməniləri, farsları çoxaltmaq, türkləri azaltmaqdı
Tehranda iş yerləri, o cümlədən, şirkətlər, mağazalar, restoranlar və başqa ictimai yerlərə türk adlarının verilməsi qadağandır. Bunu Tehran polisinin İctimai yerlərə nəzarət bölməsinin başçısı polkovnik Nadir Muradi açıqlamasında deyib. O bildirib ki, bundan əvvəl verilən sərəncama görə, paytaxtda türk adlarından istifadə qadağan edilib və buna riayət edilməlidir: "Türk adlarından türklər yaşayan əyalətlərdə istifadə edilməsi mümkündür". Qeyd edək ki, Azərbaycan əyalətlərində də türk adlarından istifadəyə məhdudiyyətlər tətbiq edilir. Bununla yanaşı, İranda türkmənlərin kompakt yaşadığı Türkmənsəhra bölgəsinin etnik tərkibinin dəyişdirilməsi üçün əraziyə bəlucların köçürülməsi prosesi başlayıb. Milli fəallar Ağ qala şəhəri və ətraf bölgələrində yeni şəhərciklərin salındığını, buraya Sistan və Bəlucistanda yaşayan etnik bəlucların köçürüldüyünü bildiriblər. Fəallar bununla bağlı sosial mediada kampaniya başladıb, hakimiyyətin türkmənləri ata-baba yurdlarından qovmaq planları barədə paylaşımlar ediblər. Məlumata görə, SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları kampaniyanın genişlənməməsi üçün sosial media kanallarını bağlayıb. Qeyd edək ki, bundan əvvəl Ağ qala şəhərinin keçmiş fərmandarı İlyas Hivəçi hakimiyyətin bu istiqamətdəki planını ifşa etdiyinə görə işdən çıxarılıb. O, türkmənlərin tarixi torpaqlarında etnik tərkibin dəyişdirilməsi üçün Ağ qala və ətrafında 800 hektar ərazinin qeyri-türkmənlərə satılması, çox sayda şəhərciklərin salınması barədə ifşaedici məlumatlar yaymışdı.
Türkoloq-alim, AMEA-nın əməkdaşı Faiq Ələkbərli "Sgerg.az"a açıqlamasında deyib ki, 1925-ci ildən sonra, xüsusilə qacar türk dövlətinin yerini pəhləvilər aldıqdan sonra antitürk siyasəti geniş vüsət alıb. Alim vurğulayıb ki, İrandakı rejimlər farsizm və paniranizmi əsas qayəyə çeviriblər:
"Öz anlamlarında farsları "üstün irq" elan edib, türkləri isə aşağılamağa çalışan pəhləvilər və onların yerinə gələn molla-fars rejiminin heç bir fərqi yoxdur. Onlar üçün türk adı qəbuledilməzdir. Türk mahiyyəti qəbuledilməzdir. Hər dövrdə radikal şəkildə türk adına, türk mahiyyətinə qarşı "səlib yürüşü"nü həyata keçiriblər. Bu da səbəbsiz deyil. Türklərin bölgədə güclənməsi, dünyada türklərin yeni mərhələyə qədəm qoyması İran adlanan ölkədə rejimi əndişələndirib. Ona görə də bu kimi addımlar atırlar. Türk adlarının aradan qaldırılması, dəyişdirilməsi planlı şəkildə aparılır. Adlarını "İslam dövləti" qoysalar da, guya, şiə təəssübkeşliyindən çıxış etsələr də, nə dinə, nə də insanlığa uyğun addımlar atırlar".
F.Ələkbərliyə görə, məqsəd bölgədə kürdləri, erməniləri, farsları çoxaltmaq, türkləri azaltmaqdır:
"İranda əfqanları, tacikləri, farsları, kürdləri içərisinə alan "böyük İran" anlayışı mövcuddur və bunu reallaşdırmağa çalışırlar. Ancaq fars rejimi heç nəyə nail ola bilməyəcək. On milyonlarla türkməni tarix səhnəsindən silə bilməzlər, özləri tarix səhnəsindən silinib gedəcəklər. Belə addımların atılması Tehran rejiminin sonunun yaxınlaşması deməkdir. İndiyə kimi türklük davasında, təbii haqlarımız uğrunda mübarizə apamışıq, mücadilə etmişik. Bundan sonra dövlətçilik hüququmuz uğrunda da çalışmalı, dövlət kimi varlığımızı ortaya qoymalıyıq. Yeganə yolumuz bölgədə yenidən türk dövlətini bərpa etməkdir".