Ekspert: Soydaşlarımız Azərbaycan və Gürcüstan arasında körpü rolunu oynayırlar

“Gürcüstan azərbaycanlıları öz milli-mənəvi dəyərlərini yüksək səviyyədə qoruyurlar. Vətənpərvər, təhsilli, ölkənin qanunlarını yaxşı mənimsəyən nəsil formalaşıb”.                                                                                                               
 Bu sözləri "Sherg.az"a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.                                                                                                                      
Onun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qələbəsi və antiterror tədbirlərini uğurla yekunlaşdırması, soydaşlarımızın milli ruhunu, öz güvənliyi gücləndirib:

"Azərbaycanla bağlı tədbirlər yüksək səviyyədə keçirilir. 24 dekabrda “Türk Ağsaqqallar İctimai Birliyi” (TAİB) və Marneulidəki “Çay Evi” İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbir buna misaldır. Həmin tədbirdə 500-dən çox soydaşımız iştirak edirdi. Ondan bir gün əvvəl 23 dekbarda Tiflisdə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzində keçirilən görüşdə 50-dən çox soydaşımız iştirak edib. Nəticə etibarilə deyə bilərik ki, bu gün gürcü cəmiyyətinə sürətlə inteqrasiya edən Azərbaycan icması var. Həm də soydaşlarımız Azərbaycan və Gürcüstan arasında körpü rolunu oynayırlar. Bu körpü dostluğa, mehribançılığa xidmət edir".