Xanım psixoloq: Tahir Kərimlinin fikirləri altı boş cümlədən ibarətdir

Deputat Tahir Kərimli Azərbaycan Respublikası universitetlərində əxlaq normalarına əməl olunmadığını vurğulayıb. Poliqon portalının məlumatına əsasən, millət vəkili bildirib: “Qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər. Bu, çox ciddi məsələdir. Universitet rəhbərləri də buna icazə verirlər. Həmin universitet rəhbərlərini qınayıram. Əlimdə imkan olsaydı, onları bir gün də vəzifədə saxlamazdım. Təhsil müəssisəsi eyni zamanda təlim-tərbiyə yeridir. Belə tərbiyə vermək olarmı?”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli sonra qeyd edib: “Hətta müsəlman olmayan xarici dövlətlərdə belə universitetlərin xüsusi geyimləri var. Elm və Təhsil Nazirliyi direktiv göstəriş verməli, qərar qəbul etməlidir ki, şagirdlər, tələbələr məktəblərə və universitetlərə abır-həya gözlənilən paltarda gəlsinlər. Görünür, artıq başqa üsul qalmır. Çünki televiziya və sosial şəbəkələrin maarifçiliyi təbliğ etmədiyi, əksinə əxlaqsızlıq yaydığı bir dövrdə başqa yol yoxdur. Gərək, bu işə dövlət, hökumət özü əl qoysun”.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a  bildirib ki, Tahir bəy,çıxış edərkən çox emosional danışır:
“Amma, mövqeyi çox doğrudur. Çünki hər yerdə mühüm rol oynayan amillərdən biri təhsil mühitidir. Geyim azadlığı bulvarda, evdə və digər məkanlarda olmalıdır. Təhsil müəsisəsində kimin kefi necə istəyirsə, geyinsin kimi fikirləri kim müdafiə edirsə, böyük səhv edir. Məsələni müdafiə edənlər dağıdıcı mexanizmə xidmət edir. Çünki təhsil sahəsində geyim azadlığı olmamalıdır. Tələbə qızların qısa geyimdə, qarnı açıq şəkildə müəllimin qarşısında oturmağı düzgün deyil. Ola bilər ki, çoxları bunun demokratiyaya,azadlığa zidd olacağını bildirəcəklər. Bu yayındıcı ifadələrdir. Kimsə küçədəki insanların geyiminə qarışarsa, bu azadlığa ziddir. Geyim azadlığını müdafiə edən şəxslərin demək ki, təhsilin mahiyyəti barədə bilgisi çox aşağıdır".

Psixoloq Əfsanə Rüstəmova isə deyib ki, əslində Milli Məclisdə oturan adam heç də ixtiyar olaraq universitetdəki rektordan  aşağı deyil:
"Bəs niyə görə, Tahir müəllim öz səlahiyyətləri çərçivəsində bunu icra etmir və hansısa rektordan belə bir gözləntisi var? Bu cür açıqlamanın verilməsi gündəm olma ehtimalını artırır. Hazırda qarşı tərəfin bu mövzunu niyə gündəm etdiyini anlamırıq. Bəlkə, özü ətraflı izah etsə, haqq verə bilərik. İndiki şəraitdə bu cümlə əsaslandırılmamış,altı boş bir cümlədir. Ola bilər ki, sabah da biri "qızlar çölə çıxmasın"- deyə fikir bildirsin. Deyilən fikirləri gündəmə gətirərək müzakirə etmək vaxt itkisidi. Təhsil müəsisəsində qısa geyim hansı ehtimalı çoxaldır ki, bu həmin şəxsi narahat edir? Yəni biri iddia edirsə ki, açıq geyim fikri yayındırır, gənclər dərs oxuya bilmir. O zaman başqa biri də deyə bilər ki, makyajı bol, çox idman edən oğlan bədəni məni narahat edir. Gənclərin açıq geyimi keyfiyyətli təhsilə, əxlaqa, dinə yoxsa, mentalitetə mane olur?  Bu detalları bilmədən fikir söyləmək düşünürəm ki, qeyri- peşəkarcasına olardı".