Bəzi hallarda mən boşanmalara üstünlük verirəm...

Samirə Qasımova,
"Regional Sosial Təşəbbüslər Dəstək" İctimai Birliyinin Qusar filialının sədri

Evliliklə bağlı yaş həddinin 18 olması kifayət qədər aşağıdır və artırılmalıdır


  Azərbaycan hazırda boşanmaların sayının sürətlə artdığı ölkələr sırasında olmasa da, bu sahədə problemlər də özünü göstərməkdədir.
Son zamanlarda tez-tez hansısa gənc ailələrin çox erkən, hətta bir ay sonra boşandıqlarının şahidi olmuşam. Onların arasında adi vətəndaşlar da, tanınmışlar da var. Bəs səbəb nədir, dözümsüzlük, yoxsa maddi və ya psixoloji problemlər?
  Əvvəlki dövrlərlə müqayisədə boşanmaların sayı xeyli çoxalıb. Kimsə deyirsə ki, həyat yoldaşımla maddi sıxıntımız var, ona görə ayrılırıq, bu, boşanma üçün əsas ola bilməz. Maddi sıxıntı hər zaman olub, ancaq bunun üzündən az sayda ailə dağılır. Ailələrin əksəriyyətinin dağılmasına səbəb isə xəyanət və məişət zorakılığıdır. Xəyanətlərin sayı artıb və buna yol açan amillərdən biri sosial şəbəkələrdən həddən atrıq istifadədir. Hətta son illərdə sosial şəbəkələr üzündən ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq. Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr üzündən ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq. Bu iddia təkcə ölkəmizdə deyil, digər inkişaf etmiş ölkələrdə də var. Zərif cins nümayəndələri daha emosional olduqlarından xəyanəti qəbul etmir və bu da ayrılmalara gətirir. Qadınlar daha səbirsiz, kişilər daha xəyanətkar olublar. Mən kişilərdə bəzən problem axtarmıram, çünki onu da qeyd etmək istəyərdim ki, son zamanlar xanımlar da xəyanət edirlər. Ətrafim çox böyükdür və dəfələrlə şahidi olmuşam. Bəzi vaxtlarda kişilərdə heç bir problem görməmişəm.
  Bu məsələdə qadın azadlığı da mühüm faktor kimi çıxış edir. Əvvəllər qadınlara bu qədər azadlıq verilmirdi və ya onlar ondan bu qədər sui-istifadə etmirdilər. Pul qazanan və maddi asılılığı olmayan qadın yoldaşından əziyyət gördükdə və ya xəyanətlə üzləşdikdə öz ayaqları üzərində durduğunun fərqində olduğundan boşanmaya daha meyilli olur. Və yenə də sosial şəbəkələrdə tanış olub qacırlar, ya da daha yaxşısını tapacam deyib boşanmağa qərar verirlər. Bu gün cəmiyyətimizdə qayınana gəlin problemi həddindən artıq qabardılır. Əvvəl belə problemlər qısa müddət ərzində həllini tapırdı.
  Boşanmalara səbəb digər amil kimi gənc ailələrə kənar müdaxilə və basqıların olması göstərilir. Daim basqı altında qalmaqdan, ailədaxili dedi-qodulardan bezən cütlüklər isə sonda boşanmaq qərarına gəlir. Digər səbəb kimi isə yeni gənc nəslin ailə məsələlərinə, dəyərlərinə məsuliyyətsiz yanaşması, psixoloji durumlarının aşağı səviyyədə olması göstərilir. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır.
  Hesab edirəm ki, evliliklə bağlı yaş həddinin 18 olması kifayət qədər aşağıdır və artırılmalıdır. Uyğunlaşma olmayanda, yəni dünyagörüşü, həyata baxış, əqidə, həyat haqqında düşüncələr nikah quran şəxslər arasında bir-birini tamamlamırsa, bu, böyük problemlərə yol açır.
İnsanların özlərini və ailələrini maddi cəhətdən təmin edə biləcəkləri yaşda evlənmələri çox vacibdir. Belə ki, hər iki tərəfin evlənmək ərəfəsində qarşı tərəfi mütləq tanıması lazımdır. Sadəcə, qısa bir tanışlıq əsasında qurulan ailələrdə boşanma halları daha çox baş verir. Nikah üçün ərizə verən cütlüklərə bir ay möhlət verilir. Bu bir ay ərzində hər iki tərəf bir-birini yaxşı tanımalıdır. Necə ki, nikah öncəsi məcburi müayinə yoxlanışı olur, eyni zamanda məcburi psixoloji testlərdən keçmə məsələsi də olmalıdır. Tərəflər psixoloqlara getməli, şəffaf şəkildə bir-biriləri haqqında məlumat verməlidirlər. Ancaq yaxşı tərəflərini göstərib, mənfi cəhətlərini gizlətləməməlidirlər.
  Doğrudur, bir evdə iki fərqli adamın yaşaması asan deyil və təbii ki, problemlər də yarana bilər. Lakin ilk olaraq həmin fərqlilikləri qəbul etmək və həyat yoldaşına olan hörmət və sevgisi naminə fədakarlıq etmək lazımdır. Həmin fədakarlıqlar isə qarşılıqlı olmalıdır. Bir vaxtlar bu fədakarlıqları edən insanlardan fərqli olaraq hazırda sadəcə qarşısındakı insanı dəyişdirməyə çalışırlar və əgər istədiyini ala bilmirlərsə, boşanmağa qərar verirlər. Son vaxtlar belə bir dəb formalaşıb ki, kişilər evə gəldiyi zaman qadınlar onların telefonlarında axtarışlar aparırlar. Bununla da qadınlar özlərini təhqir edirlər. Qadın özünü bu qədər aşağı səviyyədə dəyərsizləşdirməməlidir.
  Buna görə qadınlar həyat yoldaşlarını idarə etməyə çalışmamalıdırlar. Çünki insan qadağan olunana daha çox meyl edir. Bu baxımdan ona azadlıq verməniz daha düzgün olar. Bundan da zərər çəkənlər əsasən uşaqlar olur. Yəni şüurlu ailə modeli olan, düşünərək, bir-birinə qarşılıqlı hörmət edərək yaşayan ailələr indi çox azdır.
Bəzi vaxtlarda mən boşanmaga üstünlük verirəm. Çünki axırda intiharla və ya cinayətlə üzləşməmək üçün. O hədəfə gəlib çatanda artıq gec olur və yenə də uşaq əziyyət çəkir, atası həbsxanada olanda, anası olmayanda, cəmiyyətdə həmin uşağa qarşı yaxşı yanaşmırlar. Cəmiyyətimizdə narkomanlar coxalacaq. Bunların qarşısını almaq üçün psixologlar məşgul olmalıdırlar.
Vəkillər də barışdırmaga çalışırlar və yaxşı nəticə də alırlar, lakin çoxu boşanmaga üstünlük verir.
Gündən-günə artan boşanma halları artiq bir çox insanın evlilik qorxusuna səbəb olur.
  Ümumilikdə boşanma hadisəsinə hərtərəfli yanaşdıqda, onun uzun müddət insana təsir edəcək psixososial bir proses olduğunu anlaya bilərik. Boşandıqdan sonra yenidən sağlam və normal həyat tərzi yaşaya bilmək, özünə olan inamı və zədələnmiş öz dəyər anlayışını bərpa etmək üçün professional dəstək almaq, yaxud bu mövzuda fərqli elmi məqalələr oxumaq faydalıdır. Beləcə, boşanmış fərd yaşadığı sosial-psixoloji vəziyyəti daha dərindən anlaya və ayrılığı daha asan qəbul edə bilər.